Ülkər Nicatlı

Gündəm 20:56 / 28.09.2025 Baxış sayı: 2862

Torpaq öz səbrini darayır burda

Ucalıb qeyrətin sarayı burda.

Donub həqiqətin harayı burda,

Burda ocaq-ocaq üşüyür Vətən.

 

Könül bir az toxta nəfəsini dər,

Yüz ildi bu dərdin dərdi təzə tər

Burda alov-alov kişnəyir kədər.

Burda ocaq-ocaq üşüyür Vətən.

 

Dağların döşündə söz düyün düşüb,

Dərdin ocağında köz düyün düşüb.

Dözüm sözündəki döz düyün düşüb

Burda ocaq-ocaq üşüyür Vətən.

 

Bəxtimin sarayı dərd daşlarından,

Keçirəm alnımın qırışlarından

Tonqal qalamışam göz yaşlarımdan

Burda ocaq-ocaq üşüyür Vətən.