Təranə Məmməd - Ağ yağış

Ədəbiyyat 12:00 / 05.11.2025 Baxış sayı: 995

 

 

Bu gecə dənizə ağ yağış yağır,

Göydən dürr tökülür, incilər düşür,

Yayılır dənizin gur sularına,

Yağış dalğalara mirvari düzür.

 

Bu gecə dənizə ağ yağış yağır,

Süzgün baxışların yadıma düşür,

Sənin gözlərinlə baxıb dənizə,

Sanıram ruhumuz burda görüşür.

 

Bu gecə dənizə ağ yağış yağır,

Gəlsənə islanaq bu ağ yağışda?!

Deyirlər, ruhların rəngi dümağdır,

Bizimçün ağarıb bu gün yağış da.

 

Dənizə birlikdə salam söyləyək,

Qoy mavi ləpələr bizə sarılsın.

Atsın dalğalara qoy bizi külək,

Dəniz ikimizə bir layla çalsın.

 

Bu gecə dənizə ağ yağış yağır,

Yağışın altında ruhlar islanır...