Tahir Rzayev, millət  vəkili - " İstehlakçı da, istehsalçı da  diqqətli olmalıdır"

HÜQUQ 21:00 / 29.10.2025 Baxış sayı: 3503

Gizli yolla ərzaq istehsal edənlərin, kustar şəkildə onu dövriyyəyə buraxanların sayı artıb

Yenises.az  xəbər  verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri , millət  vəkili Tahir Rzayev  məsələ ilə  bağlı  açıqlamasında bildirib ki, son illər bu sahədə əsaslı tədbirlər görülməsinə baxmayaraq, yenə də nöqsanlar tam aradan qaldırılmayıb: “Çünki gizli yolla ərzaq istehsal edənlərin, kustar şəkildə onu dövriyyəyə buraxanların sayı artıb. Burada ictimaiyyətin belə hallara qarşı mübarizəsi çox önəmlidir. Əlbəttə, bu daha çox restoranlarda, şadlıq evlərində, ictimai iaşə obyektlərində baş verir. Ancaq istehlakçı qəbul etdiyi qidanın keyfiyyətinə, onun köhnə olub-olmamasına diqqət yetirməlidir. Digər tərəfdən, istehsalçı istehsal etdiyi məhsulun keyfiyyətini nəzarətdə saxlamalıdır. Məhsul standartlara uyğun hazırlanmalı, yoxlamalardan keçirilməlidir”.

 

Məhsulu istehsal edən də, satan da, alan da öz səhhətinə biganə yanaşır

Millət  vəkilinin  sözlərinə görə, bazar rəhbərliyi satışa çıxarılan məhsulların keyfiyyətini daim nəzarətdə saxlamalıdır: “Yaxud da hardansa məhsul gətirilirsə, mütləq həmin məhsullar yoxlamadan keçirilməlidir. Təəssüf ki, bir çox hallarda məhsulu istehsal edən də, satan da, alan da öz səhhətinə biganə yanaşır. Bu da xoşagəlməz hallara gətirib çıxarır. Xüsusilə son dövrlər turşulardan, digər kənd təsərrüfatı məhsullarından hazırlanmış ərzaqlardan zəhərlənmələrin baş verdiyinin şahidi oluruq. Sözsüz ki, bu məhsullar restoranlara, kafelərə daxil olarkən həmin müəssisələrin rəhbərləri bununla ciddi maraqlanmalıdır. Belə hallar baş verəndə həmin restoran, şadlıq evi uzunmüddətli bağlanmalıdır. Onun fəaliyyətinə ciddi qadağalar qoyulmalıdır. Bundan əlavə, restoranlarda, kafelərdə gizli şəkildə ərzaq məhsulları tədarük olunur və satışa çıxarılır. Bu da öz növbəsində zəhərlənmələrə səbəb ola bilir”.

Problemin həlli üçün cərimələr sərtləşdirilməlidir

Deputat hesab edir ki, problemin həlli üçün cərimələr sərtləşdirilməlidir: “Həmin müəssisələrin rəhbərləri ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdır. Əlbəttə, müvafiq orqanlar nəzarəti gücləndirməklə bərabər ictimaiyyət də bu məsələdə fəal olmalıdır”.