Tahir Rzayev, Komitə sədri - "  Torpaq varsa, çörək də var."

İqtisadiyyat 10:07 / 26.11.2025 Baxış sayı: 2812

Gəlin etiraf  edək ki, bu  gün  regionlarımızda  müəyyən torpaq   sahələri  əkilmir,   tövlələr boşalır, təsərrüfat ənənələri zəifləyir. Bu  da   haqlı  suallar  yaradır - Nə  baş  verir?  Səbəb  nədir? Hansı işləri görmək lazımdır?

Yenises.az  bildirir ki, bununla  bağlı fikirlərini  öyrəndiyimiz  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğuladı ki, bu gün bir çox insanlar hələ də sovet psixologiyası ilə yaşayırlar. Onun sözlərinə görə, gənc orta məktəbi qurtarır, təhsil almadan asan iş axtarır və müraciət edir ki, kənddə ona iş verilsin:

"Kənddə isə iş torpaqdadır. O isə torpaqda işləmək istəmir. Bu, əlbəttə, təəssüf doğuran haldır. Çünki artıq kənddə əvvəlki kimi kolxoz təsərrüfatı yoxdur. Azad sahibkarlıqdır. Kəndçi torpağa bağlanmalıdır, əkib-becərməlidir, mal-qara saxlamalıdır, təsərrüfatı inkişaf etdirməli və özünü dolandırmalıdır. Müəllim kənddə müəllimlik edir. Müvafiq orqanlar var və həmin orqanlarda ixtisaslı adamlar işləyirlər. Zəhmətə qatlaşmayan kənd gənci isə şəhərə üz tutur. Əlbəttə, burada da o, öz həyatını lazımi şəkildə qura bilmir, çünki təhsili yoxdur və mütləq fəhləliyə gedir, orada-burada işləyir. Bu isə onu istədiyi kimi təmin etmir. O, şəhərin illüziyasına, həyatına, müəyyən yüksək mədəniyyətinə aldanıb şəhərə üz tutur. Ancaq bu gün kənddə gənclərin qalması və işləməsi üçün şərait var. Regionların sosial-iqtisadi inkişafının uğurla həyata keçirilməsi kəndlərimizi mədəniləşdirib. Yollar abadlıqla təmin olunub, işıq, qaz, su var. Sadəcə işləmək lazımdır. Bu gün kənd ağsaqqallarının əksəriyyəti gənclərin zəhmətə biganə olmasından gileylənirlər. Qoca ata təsərrüfatını əvvəlki kimi idarə edə bilmir. Malı var, torpaq sahəsi var, amma oğul şəhərə üz tutur. Torpaq əkilib-becərilmədən qalır, ailə müflisləşir. Ona görə də hər bir insan, hər bir gənc fikirləşməlidir ki, o, təhsil aldıqdan, orta məktəbi bitirdikdən sonra hansı sahədə işləyə bilər. Əgər yüksək təhsil almayıbsa, müəyyən ixtisas qazanmamışsa, mütləq kənddə qalıb təsərrüfatla məşğul olmalıdır. Çünki torpaq varsa, çörək də var. Torpaq varsa, həyat var. Su varsa, işıq varsa, yol varsa, şərait varsa, hər bir gənc kənddə öz həyatını mənalı şəkildə qura bilər".

Millət vəkilinin sözlərinə görə, sözsüz ki, müvafiq icra orqanları və bələdiyyələr bu sahədə köməklik göstərə bilərlər:

"Ancaq onlar gəncin əlindən tutub, kimisə aparıb çöldə işlədə bilməzlər. Çünki artıq azad sahibkarlıq dövrüdür. Hər kəs torpağının yiyəsi və sahibidir, orada nə əkib-becərəcəyini özü yaxşı bilir. Ona görə də insan öz məşğulluğunu hələ orta məktəbdən seçməli, sənətə yiyələnməlidir. Bu gün bizim kəndlərimizdə bacarıqlı traktorçular, kombaynçılar, çilingərlər, qaynaqçılar və digər peşə sahibləri demək olar ki, yoxdur. Yaxşı suvaqçı, yaxşı bənna, yaxşı bərbər çatışmır. Ancaq nədənsə gənclər bu peşələrə yiyələnməkdən qaçırlar. Sonra isə “kənddə iş yoxdur, kənddə şərait yoxdur” deyərək şəhərə üz tuturlar. Bu isə bir çox hallarda onların gələcək həyatına mənfi təsir göstərir. Çünki şəhərdə bir neçə il işlədikdən sonra artıq kəndə qayıtmaq çətinləşir, əli işə yatmır. Halbuki şəhərdə fəhləlik edirsə, onu kənddə də torpaqda işləməklə edə bilər və daha yüksək qazanc əldə edə bilər. Nədənsə bir çox gənclər bu məsələlərdə laqeydlik edirlər. Ona görə də bizim hər birimiz - icra orqanları, bələdiyyələr, qeyri-hökumət təşkilatları bu sahədə maarifləndirməyə, söhbətlərə üstünlük verməlidirlər. Orta məktəbdən gənclərə, uşaqlara əməksevərlik aşılanmalıdır. Onların bacarığı və peşəyönümü nəzərə alınmalıdır. Belə olan halda düşünürəm ki, orta məktəbi bitirən gənclər Bakıya bu qədər üz tutmazlar".