SÜLEYMAN ABDULLA.- YOXUN ŞEİRİ

Ədəbiyyat 09:00 / 05.08.2025 Baxış sayı: 2045

 

Adam ucuz...

hər şey çox bahadır, dost,

Həyatla hesablıq zəhərimiz yox.

Çoxunun ümidi sabahadır, dost,

Bizim bir ümidlik səhərimiz yox...

 

Yaxşı ki, soymağa vardır dərimiz,

Yığıla bir yerə "anrı-bəri"miz.

Yazda çiçəklənən ümidlərimiz,

Payızda tökülən bəhərimiz yox.

 

Yolunda can qoyduq olmadı vətən,

Çəkdi sinəsinə hər yadı vətən.

Qürbətdən betərdir bu adı vətən,

Sakit yaşamağa təhərimiz yox.

 

Varsa qismətimiz, o da tələdə,

Bəxtəbəxt gəlməyə, bəlkə gələ də...

Kiminsə gözü var bəlkə hələ də,

Hətta gözümüzdə qəhərimiz yox.

 

Bir ömür bəs edər yüz qat ölməyə,

Gözdə əfsus, ürəkdə çat ölməyə.

Son dəfə ah çəkib rahat ölməyə,

Bizim kəndimiz yox, şəhərimiz yox.