SÜLEYMAN ABDULLA - OLDU, OLMAYA...
Sən mənə verdiyin söz unuduldu,
Dediyin vaxt-vədə doldu, olmaya?!
Məncə bir sevdanın başlanğıcıydı,
Bu görüş son görüş oldu, olmaya?!
Sənmi vəfasızsan, dünyamı yalan?
Vaxt könül bağçamı eylədi talan.
Yasəmən kolunun şaxıdır qalan,
Yellər ləçəyini yoldu, olmaya?!
Payız yağışları göz yaşı dadır.
Hərdən çisələyir, hərdən qar atır.
Burdan o yanası üzü qışadır,
Qəlbində arzular soldu, olmaya?!