SÖZ KÖNLÜMÜZÜN TAXTI-TACI, ŞAH DAMARIDI...
(AYB Mingəçevir bölməsin yaradıcılıq günündən reportaj)
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi hər ayın 15-də, saat 11-00-da olduğu kimi bu gün də (15.08.2024) yazarların görüş yerinə çevrilmişdi. Qızmar yay günü olduğundan bölmənin yerləşdiyi otağın həm qapısı, həm də pəncərələri taybatay açıq idi. Adətən, həmişə olduğu kimi ilk dəfə hamının “cahıl və ahıl dostumuz” adlandırdığı Ağabala kişi, sonra bölmə rəhbərinin “müşaviri” Rəşid müəllim içəri keçir, sonra isə digər yazarlar da çöhrələrindən süzülən təbəssümlə bu dəfəki söz məclisinin də həmişə olduğu kimi ürək açıqlığı ilə başlayıb, könül xoşluğu ilə sona çatacağına sanki elə bəri başdan zəmanət verirlər.
Bölmə rəhbəri İsmayıl İmanzadə həmkarlarını salamlayıb, növbəti ay ərzində görüləsi işlərdən söz açır, sonrasa heç kimin gözləmədiyi halda son on üç il ərzində “qeybə çıxan” və illər öncəsi bir-birindən dəyərli satirik şeirlər müəllifi kimi tanınan Eldəniz Cəfəroğluna şəhadət barmağını tuşlayaraq deyir: “Eldəniz müəllim, siz uzun illər boyu bölmənin ən istedadlı üzvlərindən biri kimi həmişə yuxarı başda oturmağa layiq şəxs olmusunuz. Halal xoşunuz olsun, heç bir təmənna güdmədən xeyli sayda şeirlərinizin dərc edilməsində yardımçınız olmuşam. Bizlərdən inciyib, küsməyiniz də olmayıb. Sadəcə olaraq, yəqin ki yazarlarımızın əksəriyyəti kimi siz də şəxsi qayğılarınızın “caynağına” keçmisiniz. Bununla bərabər, söz məclislərində həmişə yeriniz açıq-aşkar görünüb. Keçmiş olsun, ümid edriəm ki indən belə daha sizi “əliçıraqlı” gəzib, axtarmayacağıq...”
Söz məclisiniz ikinci bölümündə əvvəlcə şair Mikayıl Yusif zəmanənin eybəcərliklərini “qırmanclayan” üç şeirini oxuyur. Ağabala Salahlının dilində səslənən lirik bir şeiri təbəssümlə qarşılanır. Şair-hüquqşünas Bəhman Gülövşəlinin məhəbbət mövzusunda təqdim etdiyi iki şeiri hamıya unudulmaz anlar bəxş edir.
Bölmə rəhbəri elə bu məqamdaca həmkarlarına xitabən deyir: “Mənim şəxsi fikrimcə, şair lap ahıl yaşlarında olsa belə, sevgi-məhəbbət mövzusunda arabir şeir yazmalıdır. Əgər bunu bacarmırsa deməli qocalığın cənginə keçib. Kiminsə ahıl yaşlarında sevgi şeirini qəbahət hesab edənlərlə şəxsən razılaşmıram. Bu o demək deyil ki şeir müəllifi kiməsə eşq elan etmək fikriylə belə bir şeir yazır...
Ağlı-huşu yerində olan yazar,-istər cavan olsun, ya da qoca, ilk növbədə öz ləyaqətini qorumağı bacarmalıdır...”
Sonra yenidən yazarlara meydan verilir. Bölməyə qədəm qoyduğu ilk vaxtlardan bir-birindən dəyərli şeirləri ilə hamını “sehrləməyə” müvəffəq olan Əhməd Əfsun və sanki oxuduğu hər bir şeiriylə həmkarlarına “pozitiv enerji” bəxş etməyi öhdəsinə götürən Mahir Musa məclisə əlvan söz çalarları qatırlar.
Növbə gənc yazarlara çatanda, çoxdan bəri mətbuat səhifələrində dərc edilən əsərləriylə çoxsaylı oxucuların rəğbətini qazanmağa nail olan Elçin Məhərrəm bir yeni hekayəsiylə, gənc şair Nicat Hunalp isə təzə şeirləri ilə həmkarlarının diqqətini özlərinə çəkməyi bacarırlar. Son olaraq gənc nasir Şamil Həsənin “Quran” oxumaq üstə dava” adlı hekayəsi də yüksək dəyər qazanır...
Mingəçevir Dövlət Univeristetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulovun yazarlara yönəlik xeyir-dualarından sonra söz məclisi bölmə rəhbərinin aşağıdakı ilıq kəlmələriylə sonuclanır: “Dostlar, bir-birindən dəyərli çıxışlarınız bir daha sübut etdi ki hamımızın ürəyinin şah damarı, elə könlümüzün taxtı-tacı da ilahinin bizlərə bəxş elədiyi sözdür. Arzum budur ki sözdən heç vaxt uzaqda dayanmayasınız!..
ŞAMİL HƏSƏN
Gənclər şurasının üzvü, yazıçı-publisist



