Şövkət Zərin Horovlu : - Bağışla , ömür.

Ədəbiyyat 20:31 / 12.09.2025 Baxış sayı: 1907

 

Yalan nağılmışsan sən demə ,ömür,

Mən səni ömürtək yaşamadım heç.

Sandım hələ vaxt var,yol qabaqdadır,

Bircə qayğını da aşımadım heç.

 

Qayğıya açıldı hər gələn səhər,

Unutdum dünyanın gözəlliyini.

Göylərin tumarı ayın ,ulduzun,

Duymadım ilkini əzəlliyini.

 

Saçımı daradı qürbətin yeli,

Bir kərə ürəkdən gülmədim,ömür!

Hamının dərdinə, hayına qaçdım,

Tək sənin qədrini bilmədim , ömür!

 

İl-ilə calandı yaza yetmədim,

Ayıldım hər yandan qış döyür məni.

Ümidsiz ümidə sığındım yenə,

Gördüm ta haxlayıb yaş döyür məni.

 

Səndən üz çevirdim nankorlar kimi,

Qarğışla , ay ömür , məni qarğışla!

Vaxt-vədə daralıb gəl halallaşaq,

Bağışla, ay ömür ,məni bağışla!