Sona Vəliyeva : - Yuxularım
Qəribə yuxular silsiləsindən...
Yuxuma tanış olmayan adamlar gələr,
gülərüzlü, əlləri
günəş şüalı,
dilləri ballı,
saçları çiçək-çiçək,
uzaqdan yol göstərərək,
çətinliklərdən çıxmağa,
bağlı qapıları açmağa
açar verərlər.
Yolum üstə
kiminsə diyirlətdiyi
ağır daşı qaldırmağa
güc göndərərlər,
“qorxma, biz burdayıq” – deyərlər
Görmədiyim,
ömrümdə kəlmə kəsmədiyim adamların,
yaxşılığından donub qalaram,
özümü xəcalətli sanaram,
göstərilən iltifatdan...
Yaxşılığım keçməyən,
görmədiyim adamlar
yuxumu zəbt edər...
Zamanla əl verdiklərimin,
kəsdiyi əlimə,
yaraladıqları ürəyimə
məlhəm sürərlər, əzizlərlər...
“Yaxşılıq toxumdur” – deyərlər,
əkmişdin, bitdi,
nə fərqi meyvəsin kim dərdi,
kim sənə göndərdi...
Əvvəl-axır bütün yaxşılıqlar
Allahdan sahibinə dönəndi” – deyərlər...
Denə, yuxumda heç vaxt görmədiyim
yağış üzlü,
işıq gözlü adamlar,
yuxuma gələnlər,
milyon il əvvəl edilən
zəncir kimi həlqələnən,
yeri göyə bağlayan,
ümidsizlərin harayına yetən,
bizi bizdən xəbərsiz qoruyan
yaxşılıq mələyinin özüymüş,
Yer üzünü dağılmağa qoymayan
yaxşı adamların yuxu üzüymüş...