Sevinc Qərib - ƏLLƏRİMİ TANRIYA BORC VERMİŞƏM...

Ədəbiyyat 09:05 / 09.09.2025 Baxış sayı: 1566

 

Sənə nə könlümə yağan yağışdan,

ruhunu, könlünü buz tutan adam.

Çəkmə izlərimi, çəkmə yoxuşdan,

şeytanın evinə üz tutan adam.

 

Mənim ruhum başqa, düşüncəm başqa,

quşun dimdiyində yem sevinciyəm.

Könlümə dost olur bəzən qarışqa,

kimdi bu qəribdən küsüb inciyən.

 

Əbəsdir tənimə yetişmək cəhdin,

məni dağ doğurub, səni dərələr.

Sənin savab ilə ötüşmək əhdin,

xülyadı, önünə iman sərələr.

 

Çək uzağa duasız əllərini,

mən göylərdən duaları dərmişəm.

Savab yazsın deyə əməllərimi

əllərimi Tanrıya borc vermişəm.

 

Vicdan qamçılayıb atını, səndən

çox - çox uzaqlarda dincini alır.

İnsaf da, mürvət də dolanır gendən,

boğaza çəkməyə ülgücün qalır.