Sevil Azadqızı- Sənin səssizliyin ağrıdır məni...

YAZARLAR 16:34 / 16.02.2026 Baxış sayı: 317

 

Bilmirsən, bu sükutun içində neçə fəryad gizlənib. Hər susqunluğun qəlbimdə bir uçurum açır, hər cavabsız qalan baxışın ruhumu üşüdür. Sənin səssizliyin sadəcə bir susqunluq deyil; o, dilsiz bir ağrıdır, hər keçən saniyə canımı yandıran, məni mənliyimdən qoparan bir boşluqdur...

Sözlərin bəzən yaralayır, bəli, amma sükutun qədər öldürücü deyil. Çünki danışanda ən azından orada olduğunu, nəfəsini, varlığını hiss edirəm. İndi isə qarşımda dayanan o divar kimi səssizliyin məni öz içimdə boğur. Sənin sükutun mənim ən böyük kimsəsizliyimdir...

Gözlərin bir şeylər demək istəyir, bilirəm. Amma dodaqların möhürlənib sanki. Bu ağır sükutu parçalamaq, o buzdan divarı əritmək istəyirəm, amma gücüm çatmır.

Sən susduqca, mən yox oluram.

Sən susduqca, mən bu qaranlıq boşluqda tək qalıram.

Nə olar, bir kəlmə de. Acı olsun, kəsərli olsun, amma səssiz olmasın. Çünki sənin bu dərin səssizliyin məni hər şeydən çox ağrıdır...