ƏNVƏR ƏHMƏD DÜNYASI - yazdı Şirxan Aranlı

Ədəbiyyat 18:44 / 16.02.2026 Baxış sayı: 392

 

(Sabah Qarabağ şeirinin bayraqdarı əziz dostum Ənvər Əhmədin anım günüdür,ruhu nurla dolsun)

Dünyalar çox, tək dünyanın içində,

Hər bir kəsin öz aləmi, dünyası.

Bir dünya var, tamam fərqli biçimdə

Onun adı Ənvər Əhməd dünyası!

 

Bu dünyadan nəzər salsan cahana,

Duyğuları ipə-sapa düzərsən.

Təkcə qəlbdə ilham pərin oyana,

Misralardan gözəl çələng hörərsən.

 

Öz dilindən bircə şeirin dinləsən,

Gözəlliyin sehrinə düşərsən.

Təkcə ondan şeir, sənət istə sən,

Şeriyyətin atəşində bişərsən!

 

Ənvər Əhməd dünyasının nuruna,

Dünya özü gözəlləşər, nurlanar.

Bu dünyanın sənət adlı oduna,

Duyğusuz da tez isinər, odlanar.

 

Bu “dünyanın ağlar ana şairi”,

Ana gedən yola su olub axır.

“Qəbiristan analı, mənsə anasız”,

Deyib görgaha da həsrətlə baxır.

 

Tanrım onun ilhamını bol verib,

Sızqa sulu bulaq deyil sızlasın.

Yaranışdan elə şair göndərib,

Gur təşnəli şəlalədir çağlasın.