Şakir Xanhüseyn - QAN

Ədəbiyyat 21:01 / 16.02.2026 Baxış sayı: 214

 

Adamda bir dəhşət can bezginliyi,

çıxır sanki ömür əldən-ovucdan.

Varaqlar qanına bulaşır kimi;

sözümüz qan olub axır bir ucdan...

 

Tutublar şüşəyə, bu şüşədəki

yad qanı ha deyil, öz qanımızdı.

Bir az yoxuşlara diqqət kəsilin,

enişlərdən axan diz qanımızdı...

 

Külək əsməsindən dalğalanmır ki,

qanı cuşa gəlir dənizimizin...

Bir qan-qan deyənin önündə bəzən,

o dəm qanı qaçır bənizimizin...