Sevinc Qərib - RUHUM LEYSANLARA TƏSLİM

Ədəbiyyat 12:11 / 16.02.2026 Baxış sayı: 506

 

Balışıma daşır gözüm,

Kürdən qopan qol kimidi.

Öyrənib sulara üzüm,

Ümmana bir yol kəm idi.

 

Susuram, içim alışır,

Dinirəm sözüm yandırır.

Var olan nəyə çalışır,

Məni yoxa inandırır?!

 

Haqq verər göz gördüyünə,

Aldadar qulaq adamı.

Bəxtim düşüb kor düyünə,

Əcəl alacaq "qadamı".

 

Kərpic-kərpic hördüyümə,

Divar-divar ah sarılır.

Ömür deyib sürdüyümə,

Dərd baxır bağrı yarılır.

 

Əlimi tutan öz əlim,

Ayaqlarıma əsayam.

Əsirdi ağzımda dilim,

Səbrini udan kasayam.

 

Getdiyim yolun kəsəsi,

Qəmin izinə calanır.

Kimim var umub küsəsi,

Kölgəm dizimə dolanır.

 

Duyğularım uçuq, pərən,

Ruhum leysanlara təslim.

Ehh...nəfəsindən öpərəm

Dönsə könlümə söz fəsli...