ŞƏHİD İSMİ YAZILAYDI SOYADIM, QANIM İLƏ MƏZARIMIN DAŞINA...
SƏNƏDLİ HEKAYƏ
Müharibənin – tarixə Vətən müharibəsi kimi daxil olan, ikinci Qarabağ müharibəsinin otuzuncu günü – 27 oktyabrın aydın, buludsuz bir payız günü idi. Müharibə başlayandan hamının əlləri göydə idi, Allaha yalvarırdı hamı: ay Allah, cəbhədə vuruşan əsgərlərimizi qoru, ay Allah onları namərd gülləsindən hifz et, öz pənahında saxla balalarımızı. Düşmənlərimizin, onların havadarlarının cəzasını özün ver, ey uca Yaradan! Millətimizi yağı düşmən əlində dəstgir eləmə, ay Allah. Xocalıda min bir zülmlə, işkəncə ilə öldürülən balalarımızın, əsir götürülən qız, gəlinlərimizin, qocaların, ahılların ahlarını, qanlarını yerdə qoyma, Pərvədrigara! Ay Allah soyuğunu, yağışını, qarını gecikdir, möhlət ver əsgərlərimizə, çöldə, səngərdə durmaqlarını çətinləşdirmə, imkan ver Haqq cihadlarını şərəflə başa çatdırsınlar. Müzəffər ordumuza, Ali Baş Komandanımıza özün kömək ol, ey yeri, göyü Yaradan. Dövətimizi, xalqımızı, rəhbərlərimizi, bayrağımızı hər vaxt uca zirvələrdə qərar ver, bizi başqa millətlər, dövlətlər yanında xəcil eləmə, ay Allah!
Hə, bu hamının duası idi. Yolda, rizdə, bazarda, dükanda, uşaq, böyük, yas yerində din xadimi, məktəbdə müəllim, namaz üstə ahıl, cavan hamı belə dualar edir, müharibənin tez qutarmasını, döyüşən əsgərlərimizin sağ-salamat ev-eşiklərinə dönməsini arzulayırdi. Bəlkə də elə bu duaların müstəcəb olması idi ki, hər gün cəbhədən yeni-yeni xoş xəbərlər gəlir, torpaqlarımız yağı tapdağından azad olunurdu. Allahın köməyi ilə, 4 oktyabr tarixdə Cəbrayıl şəhəri, 9 oktyabrda Xocavənd rayonunun Hadrud qəsəbəsi, 17 oktyabrda Füzuli şəhəri, 20 oktyabrda Zəngilan şəhəri, 21 oktyabrda Zəngilan rayonunun Mincivan qəsəbəsi, bir gün sonra, 22 oktyabrda həmən rayonun Ağbənd qəsəbəsi, 25 oktyabrda Qubadlı şəhəri və Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı rayonlarının 166 kəndi, bəzi strateji yüksəkliklər igid əsgərlərimiz tərəfindən əsarətdən qurtarmışdı.
Havalar xoş keçirdi. Sanki təbiət də payızını gecikdirir, əskərlərimizə əlavə çətinliklər yaratmırdı.Axşamüstü, şər qarışan vaxt İmişli rayonunun Otuziki kəndini qəfil xəbər sarsıtdı. Xoş payız havasında belə, bu xəbər üşütdü hamını...Uzun illər Qarabağ torpaqlarının azadlığı uğrunda Müddətdən Artıq XidmətEdən, Xüsusi Təyinatlı kimi şərəflə döyüş tapşırıqlarını yerinə yetirən gizir Əli Tədbir oğlu Quliyevin şəhid olması haqqında xəbər qısa müddətdə bütün kəndə yayıldı...
Quliyev Əli Tədbir oğlu 9 sentyabr 1984-cü il tarixdə, bu günki kimi bir payız günündə, İmişli rayonunun Otuziki kəndində, sadə, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Ailənin əsas məşğuliyyəti şəxsi təsərrüfatda əkin əkmək, əldə edilən məhsuldan dolanışacaq xərclərini min bir əziyyətlə çıxarmaq idi. Ailə başçısı Tədbir kişi uzun müddət rayonda yük maşını sürücüsü kimi işləmiş, son illərdə isə Rusiyada işləməyə getmişdi. Bu səbəbdən ailənin əsas ağırlığı Almaz ananın üzərinə düşürdü. Lap əvvəldən uşaqlarını zəhmətə, düzlüyə, halallığa öyrətmişdi Almaz ana. Ailənin üçüncü övadı idi Əli. Hamının uşaqlığı kimi keçdi Əlinin uşaqlığı. Otuziki kənd tam orta məktəbində birinci sinfə getdiyi sanki dünən idi. İllər ötdü, Əli orta məktəbi başa vurdu. Ailənin bütün işlərində canıyananlıqla iştirakı indi də tez-tez xatırlanır. Əlinin, cüssəli, uca boylu olması onu fərqləndirir, sanki böyük övlad bu imiş kimi bir liderlik xüsusiyyəti sərgiləyirdi. Düzdür, Əlidən böyük qardaşı – İsmayıl, babalarının adını daşıdığından ona daha da çox ehtiram edilir, onunla hər işi məsləhətləşirdilər. Əlinindigər qardaşları Zaur və Cavid də uca boylu, zəhmətdən yoğrulmuş gənclərdi. Amma Əlinin sonrakı peşə seçimi və fəaliyyəti onu tamamilə fərqləndirdi. O, həm xarakter, həm də fiziki cəhətcə çox məğrur, cəsarətli, eyni zamanda da, çox mehriban və qayğıkeş bir oğul, bir gənc idi. Ailədə iki bacı var – Arzu və Leyli. Dörd qardaşın iki bacısı. Bacı istəyi isə tam başqa olur. Qardaşı bəlkə də bacıdan çox kimsə istəyə biməz! Arzu ilə Leyli də elə, hər dəfə qardaşlarını görəndə özlərini göyün yeddinci qatıda hiss edir, onların salamatlığı üçün Allaha dua edir, xoş güzaran, sağlamlıq arzulayırdılar.
Əli orta məktəbi bitirdikdən sonra 2002-ci ildə hərbi xidmətə yola düşdü. Artıq Qarabağ münaqişəsinin 13-cü ili idi. Hərbi xidmətə Murovdağda başladı Əli. Bir il yarım nümunəvi hərbi xidmət keçdi. Xidmət dövründə dəfələrlə rəhbərlik tərəfindən təşəkkürə layiq bilindi. Əlidə hərb sənətinə böyük maraq yaranmışdı. Hələ Əli uşaq olanda – 1990-cı ildə azərbaycanlılara qarşı törədilən 20 Yanvar faciəsi və 1992-ci ildə erməni faşızmının Xocalıda dinc əhaliyə qarşı soyqırımı onun uşaq yaddaşında özünə yer tutmuş, ekranlarda gördüyü erməni vəhşiliyini heç vaxt unuda bilməmişdi. Hər dəfə o kadrları görəndə, kaş əlimdə imkan olaydı bu tökülən qanların qısasını alaydım deyə düşünmüşdü. Əli yetkin yaşa çatdıqca, rəhmətlik, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayevin ağlaya-ağlaya çəkib, dünyaya çatdırdığı qanına qəltan olunmuş körpələr, qocalar, bələkdə olan uşaqlar onun erməni faşizminə nifrətini körükləyirdi. Ona görə də Əli, daxilində bir təlatüm, vicdanında bir narahatlıq hiss edir, necə olursa-olsun bu qanlı cinayəti törədənləri şəxsən cəlandırmaq istəyirdi. Bəlkə də ona görə, hərbi xidməti dövründə hərb sənətini ciddi-cəhdlə öyrənir, bir peşəkar hərbçi kimi özünü vətənin xidmətində görmək istəyirdi.
Hərbi xidmət başa çatdı. Əli evlərinə qayıtdı. 2004-cü ildə ailə həyatı qurdu. İki oğul övladı dünyaya gəldi. Az sonra məlum oldu ki, uşaqlarda anadangəlmə qan xəstəliyi var. Əsrimizin bəlası olan talassemiya! Gənc ailənin məşəqqətli günləri başlandı. İrsi qan xəstəliyi olan bu uşaqlara mütəmadı qan köçürülməli, uzunmüddətli, bəlkə də ömürlük müalicə aparılmalı idi. Bakıya tez-tez getmək, uşaqların həkim nəzarətini təmin etmək lazım gəlirdi. Buna görə ailə Bakı şəhərinə köçməyi qərara aldı. Burda müalicəni daha yaxşı aparmaq olardı. Ailənin qazancının böyük hissəsi uşaqların müalicəsinə sərf olunurdu.
Gənc Əli ailənin bu qəder dərd-səri içərisində belə, qəlbində özünün-özünə verdiyi sözü bir an belə unutmur, daim bu niyyətini reallaşdırmaq üçün cəhdlər edirdi. Qərarı qəti idi, necə olursa-olsun orduya qayıtmalı, Vətənə ləyaqətlə xidmət etməli, yağı düşməni layiqincə cəzalandırmalı idi. Odur ki, hərbi xidmətdən sonra,Əli Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE) olmaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdi və bu yolla istəyinə doğru inamlı addım atdı. Əli az sonra Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirdi.
30 aprel 1999-cu ildə yaradılmış XTQ-də xidmət etmək üçün hərbçidən böyük fiziki və mənəvi dözümlülülük tələb olunur. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olmaq elə də asan başa gəlmir. Deyilənə görə XTQ-də xidmət keçmək üçün cəlb olunan 500 nəfərdən kurs sonrası, lazımı dözümlülük və cəsarət nümayiş etdirən yalnız 30 nəfəri “Qırmızı beret”in sertifikatını ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, yayın qızmar günündə, qışın şaxta, sazağında günlərlə ac və susuz qalmağa, qidasız olduqda təbiətdən qidalanmağa, hətta bizim üçün ənənəvi olmayan – ilan, qurbağa yeməyə belə hazır olmalıdırlar. Xüsusi Təyinatlılar kurs ərzində sıldırım qayalara dirmanmağı, əlbəyaxa döyüş fəndlərini, müxtəlif silahlardan istifadə qaydasını, bombaların hazırlanma üsullarını, hər hansı ağrıya dözməyi və s. öyrənir, ən çıxılmaz vəziyyətlərdən çıxış yollarını mənimsəyirlər. Bu qrumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərir, onların bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli saxlanılır. Əli də belə bir ordu hissəsi tərkibində uğurla fəaliyyət göstərir, bütün çətinliklərə mərdliklə sinə gərir, məqsədinə addım-addım irəliləyirdi. Onun bu fəaliyyəti ilk növbədi Əlinin şəxsiyyətini formalaşdırırdı. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Əlinin seçdiyi yol onun xarakterini yetkinləşdirmiş, gənc bir yeniyetmədə əsl kişi, igid, ər xarakteri yaranmışdı. Enli kürək, bəbir bilək bir oğul, bir güvənc yeri idi Əli! Sanki Xeybər qalasının qapısını tək əli ilə yerindən qoparan Əli əleyhissalamın gücü, qüvvəti təcəlla etmişdi bu gəncin biləklərində! Fiziki güc nümayiş etdirmək üçün döyüşçü ikl növbədə mənəvi cəhətcə güclü, mətin və mübariz olmalıdır. Getdiyi döyüşdə qələbəsinə inanmalıdı! Apardığı mübarizənin haqq mübarizəsi olduğuna, ədalətin sonda qələbə calacağına əmin olmalıdı! Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün 1937-ci ildə “Cumhuriyyət” qəzetində gənclərə müraciətini xatırladım: “...Ey gənc dostlar, yorulmadan mənim arxamca gəlməyə söz vermisiniz. Mən xüsusən bu sözdən çox fərəhləndim.Yorulmadan mənim arxamca gəlməyinizi vəd edirsiniz. Fəqət, dostlar, yorulmadan nə deməkdir? Yorulmamaq olarmı? Əlbəttə yorulacaqsınız. Mənim sizdən istədiyim şey yorulmamaq deyil, yorulduğunuz zaman belə durmadan yürümək, yorulduğunuz dəqiqədə də dincəlmədən mənim arxamca gəlməkdir. Yorğunluq hər insan, hər canlı üçün, təbii bir haldır. Fəqət, insanda yorğunluğu yenə biləcək, mənəvi bir qüvvə vardır ki, bax, bu qüvvə yorulanları dincəlmədən yürüdür.”
Əlinin xidmət keçdiyi XTQ-də bütün kursantlar məhz bu mənəvi, hərbi təlim-tərbiyə alaraq, istənilən vaxt, istənilən çətin, çıxılmaz hesab olunan vəziyyətlərdə belə Ali Baş Komandanımızın bütün əmrlərini yerinə yetirməyə hazır, müsəlləh əsgər kimi yetişirdilər. Hər an döyüşə atılmağa hazır, düşmənini fiziki cəhətdən məhv etməkdən daha öncə mənəvi cəhətdən sarsıdıb, rəzil hala salan müzəffər aslan kimi.
27 sentyabr 2020-ci il. Bu tarix Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Belə ki, murdar və çirkin əməllərindən əl çəkməyən, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirənErmənistan növbəti dəfə atəşkəs rejimini pozdu. Öz çirkin əməlləri ilə nasizm və faşizmdən daha qəddar və insanlıqdan uzaq olan ermənilər qanlı əməllərini yenidən gerçəkləşdirməyə cəhd etdi.
1988 – 1994-cü illər ərzində aparılan Birinci Qarabağ döyüşlərdə,AzərbaycanHaqq səsini“kar-kor” dünyaya çatdıra bilməmiş, qəsbkarı, zülmkarı dəstəkləyən, lakin özlərini “demokratiya”nın beşiyi, insan hüquqlarının müdafiyəçisi kimi təqdim edən beynəlxalq qrumlar, lobbiçilik mərəzinin əsirinə çevrilmiş dövlət başçılarının qərəzli mövqeyi səbəbindənməğlub duruma düşmüşdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın apardığı işğalçılıq siyasətini birmənalı şəkildə pisləyən və erməni işğalçılarının qeyd-şərtsiz işal olunmuş Azərbaycan torpaqlarından çıxmasını tələb edən 4 qətnaməsinin: 1993-cü il 30 aprel tarixdə qəbul edilmiş 822 saylı,həmin ilin 29 iyul tarixində qəbul edilmiş 853 saylı, oktyabrın 14-də qəbul edilmiş 874 saylı və nəhayət 1993-cü il 12 noyabr tarixdə qəbul edilmiş 884 saylı qətnamələrin qəbul edilməsinə baxmayaraq, bu qətnamələrin heç biri yerinə yetirilməmiş, münaqişə dondurulmuş vəziyyətdə saxlanılmışdır. Hansı ki, bu qətnamələrdə birmənalı şəkildə işğalçıdan qeyd-şərtsiz olaraq son dövrlərdə işğal olunmuş Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Qubadlıdan və Zəngilandan çıxması, bütün hərbi əməliyyatların saxlanılması tələb olunurdu.
Lakin atəşkəsdən keçən uzun müddət ərzində, nə 1992-ci ildə yaradılan və münaqişənin sülh və danışıqlar yolu ilə həllində vasitəçilik missiyasının etibar edildiyi ATƏT-in Minsk Konfransının (Minsk qrupu), nə 1997-ci ildə təşkil edilmiş Rusiya, Fransa və ABŞ həmsədrlər institutunun, nə BMT-nin, nə Təhlükəsizlik Şurasının, nə ATƏT-in münaqişənin həllinə yönəlmiş qəti tədbirləri hiss olunmamış, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq edilməmiş, işğalçıya lazımı təzyiq göstərilməmişdir. Məhz bu cəzasızlıq, bəzi hallarda isə hətta işğalçıya, qəsbkara havadarlıq Ermənistanı sözün əsl mənasında quduzlaşdırmış və növbəti bədxahlıqlara, atəşkəsin tez-tez işğalçı dövlət tərəfindən pozulmasına, xaricdəki havadarlarına arxalanan, faşist ideologiyalı rəhbərlərinin millətimizin heysiyyatına toxunan bəyanatlarının verilməsinə, mənəviyyatsız qərarların icrasına, millətimizi aşağılayan çıxışlarının edilməsinə, milli, mənəvi dəyərlərimizin təhqir edilməsinə, sərvətlərimizin vəhşicəsinə istismarına və s. şərait yaratmışdır.Bütün bunlar isə Azərbaycanda rəhbərlikdən tutmuş, sıravi vətəndaşa kimi hamını hiddətləndirir, səbr kasasını daşdırır, daxilimizdəki, heç vaxt əsarəti qəbul etməyən türk ruhunu alovlandırırdı.Ünlü türk şairi Tofiq Fikrət Vətəni işğaldan, əsarətdən qurtarmağa çağrış edən “Millət şərqisi”ndə yazırdı:
Çeynəndi, yetər, varlığımız cəhl ilə qəhrə!
Doğrandı mübarək Vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün bulmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyız biz!
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa var ol!
...Zülmün topu var, gülləsi var, qəl'əsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa
Sönməz əbədi, hər gecənin gündüzü vardır!
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!
Sentyabrın 27-də Azərbaycan xalqına tarixi müraciətində və Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ali Baş Komandan cənab İlham Əliyev artıq düşmənə güzəşt olmayacağını, onun layiqli cavabının sonacan veriləcəyini bildirdi. Bu tarixi çıxışı dinədikçə, yuxarıda bəhs etdiyimiz “Millət şərqisi”nin son bəndi ilə bu çıxışın bir-birini necə də tamamladığına diqqət kəsilməyə bilmirsən:
...Haqsızlığın növlərini gördük... Bumu qanun?
Ən qəmli səfalətlərə düşdük... Bumu dövlət?
Dövlətsə də, qanunsa da, artıq yetər olsun;
Artıq yetər olsun bu dəni zülmi-cəhalət...
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevğili millət, yaşa! Var ol!
Dövlət başçımız tarixi çıxışında Azərbaycanın milli maraqlarını tezis şəklində aşağıdakı kimi ifadə etdi:
“Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.
Məhz bu çıxışdan sonra düşmən, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. 32 ildir səbir edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və düşmənin başına enən “Dəmir Yumruq” oldu, düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir! 1994-ci il may ayının atəşkəsindən sonra başlayan, bizi zəfərlərə, qələbələrə səsləyən və inamla aparan ikinci Vətən müharibəsi!
Azərbaycanın bütün rayon və şəhərlərində Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti (SHXÇDX) binalarının qarşısında böyük qələbəlik olur, gün ərzində yüzlərlə gənc Vətənin müdafiyəsi üçün böyük ruh yüksəkliyi ilə ön cəbhəyə, silaha sarılıb mənfur düşməni torpaqlarımızdan birdəfəlik rədd etməyə yollanırdı. İmişli rayonunun Otuziki kəndindən də çox sayda gənc bu şərəfli borcu yerinə yetirmək arzusu ilə rayon çaşırış mərkəzinə yollanmışdı. Bu yazıda haqqında bəhs etdiyimiz Əli Tədbir oğlu Quliyev də bu gənclərin sırasında idi. Amma Əlini fərqləndirən bir amil də var idi. Yuxarıda qeyd etdiyimiz kimi gizir Əli Quliyev Xüsusi Təyinatlı Qüvvələr tərkibində döyüşlərə qatıldığından, o, döyüş bölgəsində, demək olar ki, bütün hərbi əməliyyatlarda iştirak etmiş, bu əməliyyatlarda yüksək döyüş peşəkarlığı və əzm nümayiş etdirmişdir. XTQ nizamnaməsinə uyğun olaraq bu döyüş əməliyyatları çox vaxt gizli saxlanılır, Əlinin döyüş bölgəsində olmağından ən yaxın ailə üzvü belə xəbərsiz olurdu.
Tarixə Dördgünlük müharibə adı ilə daxil olan Aprel döyüşlərinin də fəal iştirakçısı olmuşdu Əli Quliyev. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə məhz belə adlandırıldı – Dördgünlük müharibə.Aprel döyüşləri 12 may 1994-cü ildə atəşkəs – “Bişkek protokolu” imzalanandan sonra bölgədə baş verən ən şiddətli döyüşlər idi.Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar, 2000 hektar ərazi işğaldan azad olunmuş, Müzəffər Ordumuz düşməni həm canlı qüvvə, həm də texnika sarıdan ciddi itkilərə məruz qoymuşdur. Bu şanlı döyüşlərdə də gizir Əli Quliyev cəsarətli döyüş yolu keçmişdir. Onun döyüş sonrası xatirələrini danışan Qarabağ qaziləri deyirdilər ki, Əli Xocalıda günahsız qətlə yetirilən azərbaycanlıların, eləcə də indiyə qədər Vətən uğrunda şəhid olan igid döyüşçülərimizin intiqamının Aprel döyüşlərində alındığını qeyd etmişdi. O, döyüş xatirələrini danışarkan dəfələrlə və inamla deyirdi ki, heç bir şəhidimizin qanı yerdə qalmayacaq, günahsız qətlə yetirilən heç bir körpənin, heç bir ahılın, mülki insanımızın qanı yerdə qalmayacaq! Düşmən bütün bunların hesabını verəcək! Lap az qalıb, tezliklə Vətənimiz bu mənfur daşnak tör-töküntüsündən, erməni faşistlərindən azad ediləcək! Bəli, Əli bir hərbçi kimi buna inanır və həmsöhbətlərini buna inandırırdı. Onunla söhbətdən sonra insanda böyük ruh yüksəkliyi, Milli Ordumuzun hərb başarısına inam yaranırdı.
Vətən müharibəsi başlayan gündən Əli Quliyev ön cəbhədə idi. Onlar XTQ tərkibində cəbhəyə göndərilmiş, cəbhənin ən şiddətli döyüş gedən bölgələrinə ezam edilirdilər. Erməni silahlı qüvvələri bizim XTQ –lərin gücünə yaxşı bələd idilər. Onlar xüsusi təyinatlılarımızı “Yaşma” kimi tanıyırdılar. Əgər döyüşdə “Yaşma” varsa, demək müqavimət əbəsdi. Bütün silah-sursatların, hərbi texnikaların atıb qaçırdılar. Yaralı xüsusi təyinatlılarımız, yaralarına məhəl qoymadan qalxıb yenə də düşmən üzərinə yeriyir, onları boş əllə belə didib, parçalayırdı. Bu döyüş səhnələri indiyə kimi yalnız fantastik kinolarda ola bilərdi. Azərbaycan əsgəri isə bunları reallıqda edir, düşmənə aman vermir, onlara qan uddururdu.
Yazıda kəndimizdən İkinci Qarabağ Müharibəsində çoxlu sayda gəncin əzmlə vuruşduğunu qeyd etmişdim. İndi isə kəndimiz haqqında qısa məlumat vermək istəyirəm.
Bərdə və İmişli rayonlarının ərazilərində olan Otuziki toponimləri otuz iki qəbilə birləşməsinin, onların Azərbaycanın siyasi həyatında oynadığı rolun tarixi keçmişimizdən bu günümüzə çatan müjdəçisidir. Bu haqda müxtəlif müəlliflər bu və ya digər şəkildə məlumatlar verirlər. N.Nəbiyevin “Coğrafi adlar” kitabında oxuyuruq:”Otuziki” – Azərbaycan SSR-in İmişli rayonunda kənd. XIII əsrdə Azərbaycana köçmüş Qacar nəslindən olan Otuzikilər əqrəbasının adını daşıyır”. (Bakı – 1982 səh.178).
Q.İ.Məşədiyev isə özünün “Zaqafqaziyanın Azərbaycan toponimləri” monoqrafiyasında Əhmədbəy Cavanşirə istinad edərək bir qədər geniş məlumat verir: “Əhmədbəy Cavanşir “Qarabağ xanlığının tarixi” əsərində yazır ki, XVI əsrdən başlayaraq yerli hakimlər Qarabağ düzündə köçəri həyat sürən tayfaları birləşdirməyə başladılar. Həmin tayfaların birləşməsi OTUZİKİLƏR adlandırıldı. Bunların içərisində Cavanşirlər daha çox mövqeyə malik idilər. Həmin tayfaya Cavanşirlərin başçısı rəhbərlik edirdi. Çox güman ki, İmişli rayonundakı Otuzikilər (Otuziki C.O.) kəndinin sakinləri Qarabağdakı otuzikilər tayfa birləşməsindən ayrılıb gedənlərdir. Bərdə rayonundakı Otuzikilər kəndi eyni tayfadan qalan qiymətli etnik abidədir”.
ASE-nin VII cildində isə daha ətraflı – əvvəlki iki fikri tamamlayan məlumatla tanış oluruq: “Otuzikilər – türkdilli tayfa birliyi. Səfəvilər dövlətini həyatında mühüm rol oynamışlar. Otuzikilər haqqında İsgəndər bəy Münşi, Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu xan Hidayət və başqaları məlumat vermişlər. Mənbələrdə XVI əsrdən adları çəkilir. Lakin Otuzikiləri təşkil edən bəzi tayfalar (məs. qacarlar və b.) hələ XIII əsrdən məlum idi. Otuzikilərin ən məşhur tayfaları qacar, cavanşir, müqəddəm və başqaları olmuşdur. Əsasən Qarabağda yaşayan Otuzikilər Nadirin şah seçilməsi əleyhinə çıxan Ziyadoğullarının (Gəncə bəylərbəyləri) qohumu olan digər tayfalarla birlikdə Xorasanın Sərəxs vilayətinə köçürüldü. Pənahəli xan Cavanşirin dövründə Otuzikilər vətənlərinə qayıtdılar. Otuziki (İmişli rayonu) və Otuzikilər (Bərdə rayonu) kəndlərinin adları ehtimal ki, Otuzikilərlə əlaqədardır”. (ASE, VII cild, səh.396).
Deməli, 700 ildən artıq tarixə malik olan Otuziki toponimi nəinki İmişli rayonu üçün, habelə bütövlükdə Azərbaycan üçün çox qiymətli etnik abidələrdəndir. Deməli, Otuziki kəndinin igidləri tarixin bütün dönəmlərində Vətənə sədaqətləri, haqq işinə dayaq durmaları, düzü müdafiyə etmələri ilə diqqət çəkib, əsl Qarabağ sakinləri olmaları ilə, illərlə Vətəndən uzaq salınmalarına baxmayaraq ölkənin ictimai-siyasi həyatında önəmli rol oynamışdılar. Bu oğullar tarixdə növbəti dəfə Qarabağa dönüşdə – Böyük Qayıdışda da öz kəsərli sözlərini dedilər. Qarabağ müharibəsində igidliklə vuruşmuş hər bir Otuziki sakini barəsində növbəti yazılarımızda geniş məlumatlar veriləcək, onların keçdiyi şərəfli döyüş yollarından bəhs edəcəyik.
Vətən müharibəsinin başlanmasından bir ay keçirdi. 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilmiş, bu torpaqlarda üçrəngli, Ay, ulduzlu bayrağımız ucaldılmışdı. Cəbhədə baş verənlər yüzlərlə kilometr uzaqda olsa da bizim kənddə də açıq-aydın yaşanır, atışmanın şiddətlənməsi və ya səngiməsi ağır artileriya atəşlərinin yüzlərlə kilometr uzaqlıqda duyulan səsindən, cəbhə istiqamətində uçan helikopterlərin boğuq uğultusundan duyulurdu. Bu səslər, düşən mərmilərin yaratdığı titrəyişlər sanki cəbhənin barometri idi. Sanki insanlar bir-birinə ürək-dirək verirmiş kimi: Bu eşidilən səslər var ha, onların çoxu biz tərəfdən atılan topların, raketlərin səsidir deyirdi. Bu hamıda qəribə bir əminlik yaradır, bu qədər qarşılıqlı atışmanı “birtərəfli” edilməsi, elə bil ki, cəbhədə olan əsgərlərimizi toxunulmaz edirdi. Sanki insanların özlərinin yaratdığı fərziyyə hamını qane edir, heç kim bunun əksini düşünmür, düşünsə belə, bu düşüncəsini dilə gətirmirdi. Əgər insanların düşüncələri əsgərlərimizin üzərinə sehrli bir mühafizə qatı, qoruyucu təbəqə yaradırsa, bu təbəqəni heç bir düşmən silahı yara bilməz düşüncəsi formalaşdırırsa, niyə bu düşüncənin əksinə gedəsən?... Niyə düşmən tərəfindən atılan raketlərin, tank, top mərmilərinin bizim əsgərləri də yaralayıb, şəhid edə biləcəyi haqqında reallığı ortaya qoyasan?... Axı sənin, bu real mülahizələrini eşidən əsgər atası, əsgər anası, əsgər bacı və qardaşları var. Axı bu real mülahizələrin gecəni sabaha qədər dua edən əsgərin həyat yoldaşına, doğmalarına, atalarının səsinə, nəfəsinə görə qəlbində sıxıntı çəkən körpə övladlarına pis təsir edə bilər... Axı, övladının, atasının sağ salamat cəbhədən dönməsi üçün, dizin-dizin qarşısına gedəcəyini əhd edən analar, körpə uşaqlar var... Axı, övladının salamat dönməsi üçün kəsilən qurbanlığın kənd camaatına paylanması üçün yağışda, yağmurda kəndin palçıqlı yollarında ayaq yalın, baş açıq dolanmağı əhd edən analar var... Bax, bütün bunlara görə hamı elə hesab edirdi ki, eşitdiyimiz top gurultuları, yeri, göyü titrədən raket atəşləri, dəhşətli silah, bombaların bu qədər uzaqlıqdan belə, evləri silkələyən, havanı titrədən səslərinin hamısı bizim əsgərlərin düşmənə tuşladığı atəşlərin səsi, gurultusudur....
Bəli, bütün cəbhə boyu, hər qarış Vətən torpağı uğrunda, o cümlədən Xocavənd uğrunda ağır döyüşlər gedirdi. Müharibənin otuzuncu günü, 27 oktyabrın aydın, buludsuz bir payız günü idi...Bu gün cəbhədən gələn məşum xəbər hamını bu aydın, bulutsuz payız günündə üşütdü, bıcaq kimi kəsdi...Kəndimizin fəxri, 18 il cəbhədə Vətənə xidmət göstərən, XTQ giziri Əli Tədbir oğlu Quliyev, canından çox sevdiyi Vətəni uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu...Döyüş yoldaşlarından biri yaralı vəziyyətdə düşmən mövqeyinə yaxın ərazidə qalmışdı. Əli onu xilas etmək üçün tərəddüd etmədən irəli atıldı. Lakin pusquda durmuş düşmənin namərd atəşi onu haqladı. Başından snayper atəşi ilə vurulmuşdu Əli...
Kənd İcra Nümayəndəliyinə Rayon İcra Hakimiyyətindən xəbər çatdırmışdılar ki, Otuziki kəndinin şəhidi var... Bu xəbər ildırım sürəti ilə bütün əraziyə yayıldı. Eşidən kənd sakinləri, qonşu kəndin sakinləri, İmişlinin rayon mərkəzində yaşayan şəxslər şəhid Əli Quliyevin kənddəki evlərinə gəlir, yaxınlarına, əzizlərinə baş sağlığı verib, həyətin bir kənarında gözləyirdilər. Qarabağ müharibəsi başlayandan Otuziki kəndindən çox sayda gənc müharibədə iştirak etmiş, bəziləri sağlamlığında ciddi qüsurlarla cəbhədən qayıtmışdılar. Bir neçə Qarabağ qazisi əlil olmuşdu bu müharibədə. Böyük qəhrəmanlıqlar göstərib, yüksək fəxri adla təltif olunan Şamil Əhliman oğlu Cəbrayılov da müharibənin sərt üzünü görənlərdən idi. O, bir döyüşdə yaxın məsafədən iki düşmən tankını məhv etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdu. Göstərdiyi qəhrəmanlıqlara görə ona “Küdrü Qartalı” adı da verilmişdi. Bir vaxtlar Bakı şəhərinin küçələrində “Küdrü Qartalı”nın – Şamil Cəbrayılovun çoxlu sayda tanıtım portretləri yapışdırılmış, metrolarda bu məlumatlar bukletlər şəklində şəhər sakinlərinə paylanmışdı. O vaxt Şamil sinəsini, ürəyindən yaxın məsafədə dəlib keçən və kürək nahiyyəsindən çıxan plomyot atəşi ilə çox ağır yaralanmış, yalnız Allahın rəhmi və həkimlərin səyi nəticəsində sağlamlığına qovuşa bilmişdi. Bəli, Otuziki kəndindən onlarca gənc Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmiş, döyüş bacarıqlarına görə təltif olunmuş, adları respublikamızın əksər bölgələrində tanınanlar olmuş, yaralananlar, əlil olanlar olmuş, amma bu müddətdə kəndimizin sakinləri, analar, atalar, bacılar, qardaşlar, gəlinlər, övladlar şəhid ağrısı görməmişdi, atalar şəhid balaları dəfn etməmişdi...Əli kəndimizin ilk şəhidi idi...Axşamüstüdən xəbəri eşidib gələnlər artıq həyətə sığmır, həyətdən kənarda xeyli insan toplanıb, şəhidimizin dəfn mərasimində iştirak etməyi gözləyirdilər. Artıq saat 01:00 radələri olardı...Xəbər gəldi ki, şəhidi gətirirlər...Bu müddət ərzində Rayon İcra Hakimiyyətinin rəhbəri və müavinləri, SHXÇDX-nin komissarı, RTŞ-nin müdiri, ümumiyyətlə dəfn komissiyasının bütün üzvləri də həyətə gəlmiş, şəhid Əli Quliyevi son mənzilə yola salınmasında yaxından iştirakları ilə şəhidimizə ehtiramlarını bildirirdilər. Daha 15-20 dəqiqə keçdi. Onlarla Azərbaycan və Türkiyə bayrağının sıralanan uca görüntüləri fonunda üzərinə üçrəngli bayrağımız çəkilmiş tabut həyətə daxil oldu... Ay, ulduzlu bir gecə, Ay, ulduzlu bayraqların müşaiyyəti ilə, Ay, ulduzlu üçrrəngli bayrağımıza bürünmüş, şəhidimizin özü kimi uca boylu, enli kürəkli, polad biləkli gənclərin çiyinlərində doğma kəndinə, evinə, ailə üzvlərinin yanına – atasının, anasının, balalarının, həyat yoldaşının, bacılarının, qardaşlarının, elinin-obasının son görüşünə gətirilirdi Əli...Həyətə girməsi ilə hamını hönkürtü tutdu...Uşaqlığının, gəncliyinin şahidi olan doğma həyətləri, qapı-bacaları, min bir zəhmət-zillətlə, böyük həvəs və arzu ilə başladığı, amma tikintisini bitirə bilmədiyi, yarımçıq qalmış evi...Əlinin ruhu bir anda gördü, gəzdi bütün həyəti, gecə olmasına baxmayaraq bütün həyətin insanlarla dolub, daşmasına baxmayaraq burda toplaşan hər-bir insanın hüznünü, qəmini, göz yaşlarını da gördü, hönkürtüsünü də eşitdi...Bayaqdan özünü möhkəm tutmuş, lakin bayraqlar həyətdə sıralanada hönkürtü ilə ağlayan atasını – Tədbir əmini, qardaşlarının səssiz ürəklərinə axıtdıqları göz yaşlarını da görmüşdü...Amma qəribə bir narahatlıq da var idi bu ruhda, kimisə gəzirdi, axtarırdı sanki...Hə, anasını, xəbəri eşidəndən ağlamaqdan, halsız, tavanasız anasını – Almaz ananı, sağlamlıqlarından həmişə narahatlıq keçirdiyi, boynu bükük balalarını, Arzu, Leyli bacılarını axtarırdı...Həyətdə dayanmağa yer yox idi deyə qadınlar, uşaqlar evdə idi...Elə bil ruh qabaqca gedib, çiyinləri üstə bayrağa bükülmüş tabutu evin pilləkəninə istiqamətləndirdi... Yavaş-yavaş uşaqlığının keçdiyi evə, beşiyinin yırğalandığı otağa daxil oldu, laylasını eşitdiyi ananın dizlərinin yanına gəldi, fəryad edən, yanıb-yaxılan anasının əlindən tutdu, göz yaşlarını silməyə çalışdı, zəhmətdən qabar-qabar olmuş ana əllərini dodaqlarına yaxınlaşdırdı, öpdü, öpdü...Başını sanki Əlinin sinəsinə qoydu ana...Əlinin sanki qulaqlarına pıçıldadığı sözləri eşitdi: – Ana, başını dik tut! Sən şəhid anasısan! Dünyada şəhid adından böyük ad, ondan böyük rütbə yoxdur ana...Hər oğula qısmət olmayan, oğluna qismət olub ana...Özünü sındırma, məğrur tut ana...Elə bilAlmaz ananın çöhrəsində ilahi nur doğdu...Hönkürüb ağlasa da, göz yaşları Əlinin büküldüyü bayrağı islatsa da, çöhrəsindəki o nuru sezməmək mümkün deyildi...Ananın balası ilə ruhən söhbəti davam edir, bu söhbətin, ürək parçalayan danışığın izləri ananın dərdli çöhrəsində anbaan hiss olunurdu...Ana, ay ana, bax bu otaqda idi beşiyim, bax bu otağın divarlarına hopub mənə çaldığın laylalar...Ana, başımı dizlərinin üstünə qoyuram... Ana mənə bir dəfə də, son dəfə də layla de...Ananın gözlərindən yaş, abi-leysan oldu. Layla üstündə bu sözləri dedi:
Şəhidlik qisməti düşdü payına,
Oğul, qeyrətinə qurban olum mən!
Məzarın önündə ellər baş əyir,
Uca hörmətinə qurban olum mən!
Anan layla çalır məzarın üstə,
Vuruşdun namusun, sən arın üstə
Saxla yurdumuzu qolların üstə,
Şərəf, qüdrətinə qurban olum mən!
Bir bax, sinən üstə açan güllərə,
Dən düşüb başımda şəvə tellərə,
Yayılıb şöhrətin doğma ellərə,
Halal şöhrətinə qurban olum mən!
Ananın yanıqlı laylası hamını hönkürtdü...Bacıları başlarını Əlinin sinəsi üstə qoyub elə hönkürürdülüər ki, daş da olsa əriyərdi bu hönkürtüdən bu sızıltıdan...
Dəfn üçün tabut üç dəfə qaldırılıb, təzədən yerə qoyuldu. Bu, yaşadığı evlə son vidalaşması idi şəhidimizin. Ana bayaqdan balası ilə o dərəcədə ruhi yaaxın idi ki, elə təsəvvür edirdi ki, elə körpəsinə dizləri üstə layla çalır...Yalnız tabutu evdən çıxaranda bu təsəvvür bir anda yerini reallığa verdi. Yox, o oğlu ilə bundan sonra heç vaxt real görüşə bilməyəcək, başını dizləri üstə qoyan yorğun balasının saçlarına sığal çəkə bilməyəcək, bu 10-15 dəqiqəlik görüş sonuncu görüş, sonuncu vidadır...Bu ana-balanın sonuncu dərdləşməsi, sonuncu söhbətidir...Şəhidimizin nəşi yenə çiyinlərin üstündə idi. Taabut həyət darvazasından çölə çıxmışdı artıq. Bu vaxt, bu yazının müəllifi Almaz ananın qolundan tutub saxlamaq istəsə də: – Yox!!! Mən də gedirəm balamla deyib, tabutun arxasınca gedən minlərlə insanlara qoşulmaq istəyirdi...Halsız ananın qolundan tutmuşdum...Bu, onu dəfn mərasimində iştirak edən minlərlə insan kütləsindən ayırmaq üçün deyil, bir-iki addımdan sonra huşsuz vəziyyətdə səntirləyib yıxılmasının qarşısını almaq üçün idi...
Qəbristanlıq kəndimizin kənarında, demək olar ki, 2 km-ə qədər uzaqlıqdadır. Minlərlə insan dəfndə iştirak edirdi. Yol boyu gedən maşınlar da şəhidə hörmət əlaməti olaraq avtomobillərini yol kənarında saxlaıb, sürücülər, sərnişinlər dəfn mərasiminə qoşulurdular. Ən öndə Azərbaycan Respublikasının və Türkiyənin dövlət bayraqlarını qaldırmış gənclər, ondan arxada dini ayinləri icra edən şəxslər və “Allahu Əkbər!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Otuzikilər oyaqdı, Qarabağa dayaqdı!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarını müəyyən fasilələrlə, ardıcıl səsləndirən insanlar, sonra çiyinlər üstündə bayrağa bükülmüş şəhidimizin tabutu, daha sonra isə mərasimdə iştirak edən minlərlə insan gecə kənd qəbristanlığına doğru irəliləyirdi. İnsanların çoxluğunu təsəvvür etmək üçün, hesab edin ki, öndə gedən bayraqdarlar qəbristanlığa çatmağa az qaldığı halda, mərasimin arxada gələnləri hələ həyət darvazasından indi çıxırdı. Hələ bu vaxta qədər kənddə belə dəfn mərasimi olmamışdı. Öndə səsləndirilən şüarları, “Allahu Əkbər!” nidalarını sonda gələn iştirakçılar da eyni vaxtda səsləndirir, kənd tamamilə dəfn əhval-ruhiyyəsində igid oğlunu son mənzilə yola salırdı. Hamı hüzn, kədər qarışıq bir məğrurluq uyğusu ilə irəliləyirdi. Bu bir tarixi hadisə idi. Hələ neçə illər sonra bu hadisənin iştirakçıları öz nəvə-nəticələrinə bu gün haqqında söhbət açacaq, neçə-neçə nəsillər igid şəhidimiz Əli Quliyevin Qarabağ müharibəsində öz canı, qanı bahasına qazandığızəfərlərdən xəbərdar olacaqlar. Qarabağımızın yağı işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimiz haqqında əsərlər, kitablar yazılacaq, onların təkrarsız igidlikləri, döyüş yolları, qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaqdır.
Artıq hamı qəbristanlığa idi, generatorla işıqlandırılan məzarın ətrafında toplaşan insanlar indiyə kimi görünməmiş bir izdihamla tarixi bir dəfn mərasiminə şahidlik edirdi. Əvvəlcə rayonumuzun axundu Hacı Adıgözəl şəhidlik məqamının ucalığı, şəhidlərin hamımızın boynynda haqlarının olması barəsində geniş bəhs edib, şəhidimizin ruhuna dualar oxudu. Sonra rayon icra hakimi Elçin Rzayev çıxış edib, sonda şəhidimizin büküldüyü Azərbaycan bayrağını şəhidin atası Tədbir Quliyevə təqdim etdi. Tədbir kişi, şəhidimizə yaraşan bir məğrurluqla, Azərbaycan dövlətinə, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müzəffər Ordumuza, qəhraman əsgərlərimizə, xalqımıza, millətimizə dualar edərək, Vətən sağ olsun! Deyib, bayrağı öpüb gözləri üstünə qoydu. Sonra, Otuziki kənd tam orta məktəbdə oxuduğu vaxt Əlinin riyaziyyat müəllimi olmuş, hal-hazırda təqaüddə olan Rizvan müəllim, daha sonra qazilər adından “Küdrü Qartalı” Şamil Cəbrayılov və digərləri çıxışlar etdi. Bu, bir vətənpərvərlik dərsi idi...
Əli snayper gülləsi ilə başından yaralanmışdı. İndi məzarda yatan Əlinin nəşini səmadakı Ay işıqlandırır, mənə elə gəlirdi ki, Ay məhz bu məzarın üstündə dayanıb, mümkün qədər daha çox qəhrəmanımızın nurlu çöhrəsinə tamaşa etmək, onun nurundan özünə nur payı almaq istəyir. Mənə elə gəlirdi ki, Ay, Əlinin pak alnından öpmək üçün məhz bu məzarın üstündədir. Bütün dəfn boyu bu fikir məni tərk etmədi. Böyük türk şairi, “İstiqlal Marşı”nın müəllifi, Çanaqqala zəfərinin müjdəsini aldıqdan sonra “Çanaqqala Şəhidlərinə” adı ilə məşhur olan şeirini yazan Mehmet Akif Ərsoyun həmən şeirdən bu misralar yaddaşımda təzələndi:
Vurulub tərtəmiz alnından uzanmış yatıyor
Bir Hilal uğruna ya Rəbb, nə günəşlər batıyor!
Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı, dəyər.
Nə böyüksən ki, qanın qurtarıyor Tövhidi
Bədrin arslanları ancaq, bu qədər şanlı idi...
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?
“Göməlim gəl səni tarixə!” desəm, sığmazsın.
Bəli, Haqq işi uğrunda, Vətən uğrunda şəhid olan bütün insanların, bütün əsgərlərin tale oxşarlığı var. Onların Çanaqalada, Suriyada, Fələstində, Qarabağda, yaxud dünyanın bir başqa məkanında canlarını, qanlarını qurban verməsi önəm kəsb etmir. Yetər ki onların mübarizəsi Haqq mübarizəsi olsun! Ona görə də bu insanlar haqqında yazılan bütün əsərlər elə bil onların hər birinin haqqında yazılan əsər təəssuratı yaradır. Bu əsərdən onların hər birinə pay düşür.
Qəhraman döyüşçü, igid döyüşçümüz, gizir Əli Tədbir oğlu Quliyevin göstərdiyi qəhrəmanlıqlar ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqətindən kənar qalmadı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə , Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə,Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə,Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.
Daha bir istəyimiz isə Əlinin oxuduğu Otuziki kənd tam orta məktəbinin onun adına verilməsi olardı. Ümid edirik ki, bu istəyimiz də əlaqədar orqanların diqqət mərkəzində qalacaq və şəhidimizin adı doğma təhsil ocağında əbədiləşəcək.
Vətən hər şeydən əvvəl torpaqdır, əcdadlaımızın bizə qoyduğu əmanətdir, övladlarımızın məskəni, vəfat edənlərimizin mədfənidir, Vətən millətin tarixidir, Vətən əsrlərcə yaranmış mədəniyyət beşiyimizdir, Vətən iman yerimiz, inanc mənbəyimizdir, Vətəni göz bəbəyi kimi qorumaq, onun şərəfini daim uca tutmaq hər bir vicdanlı vətəndaşın borcudur! Vətən uğrunda canından, qanından keçmək şərəf işidir! Vətən uğrunda şəhid olmaqdan yüksək ali məqam yoxdur! Türk xalq ozanı Aşıq Veysəl də millət, Vətən yolunda şəhid olmağı ən ali, ən xoşbəxt bir məqam kimi dəyərləndirərək yazırdı:
...Şəhid ismi yazılaydı soyadım,
Qanım ilə məzarımın daşına.
Rahat uyu qəhrəman oğul, igid ər, qeyrətli gənc, odlu vətənpərvər igidimiz Əli! Sən də adını qanınla məzar daşına şəhid kimi əbədi həkk etmiş qəhrəmanlardansan! 36 yaşında gözlərini bu dünyaya əbədi yuman, şərəfli ömrünün tən yarısını canından artıq sevdiyi Vətəninin azadlığı uğrunda, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən şəhid Əli Quliyevin adı Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunub! Onun kimi oğullar yetişməkdə olan gənc nəsil üçün əsl kişilik məktəbi, əsl nümunədir. Qardaş, Allah səni rəhmət eləsin!Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məzarları nurla dolsun. Məkanları Cənnət olsun! Amin! Sizlərin qarşısında baş əyirik!
Cəbrayıl Əvəz oğlu Şirəliyev (Cəbrayıl Otuziki) İmişli rayon Otuziki kəndi.
İ.Əhmədov adına Xoşçobanlı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.