Səfər Alışarlı -Toydan sonra

YAZARLAR 20:50 / 09.09.2025 Baxış sayı: 1949

 

hekayə

Axşamdan dağın başına enmiş ağappaq ayın, sayrışan ulduzların nurunda qadının telefonla arabir ayağı altına işıq salmağı nəinki gərəksiz, hətta gülməli görünürdü. Bununla elə bil özünün də, Aşığın da diqqətini israrlı, gizli bir fikirdən yayındırır, gecənin sakitliyində qoşa ayaq səslərini eşidilməz edirdi. Ancaq atılan hər addımla aşkarlaşan o fikir qabağa düşüb tələsir, dalınca boyalı cizgilərlə bəzənmiş xəyallar uçuşur, bəzən dayanmaq həddinə enən ürək döyüntüləri az qala dağlarda əks-səda verirdi.

Aşpaz qadın aşığı çoxdan tanıyırdı, toylarda görmüşdü. Necə olmuşdusa, bu dəfə ocaq başında üz-üzə gəlmişdilər. Alovda çırtıldayan odunlar, qaynayan qazanlar, teştlər neçə-neçə toylarda səs-səsə verib ona Aşığın sözlərini oxumuşdular.

Nə arzu baş tutur, nə niyyət, istək,

Çırpınır, yorulur sinədə ürək.

Çarxımızı belə fırladır fələk,

Aşım buz kimidir, ocağım isti.

Aşı da, ocağı da ürəyi kimi həmişə isti olan qadın bu sözlərdəki məcazı, əlbəttə, başa düşürdü, onların düzümünün, məğz-mənasının, ölçü-biçisinin də Aşıq mətbəxinin qanunlarına görə nizamlandığına şübhə etmirdi. Aşığın bütün mahalda məşhur adı qadının bu sirli inamını daha da qüvvətləndirirdi.

– Gülbuta, yol-iziniz abaddı, maşallah, – belə gecəni, belə yolla susub getməyi birdən konvoy altında yeriməyə bənzədən Aşıq astaca dedi. Vacib deyil ki, “konvoy” deyəndə, tüfəng altında gedəsən: bir an belə səni tərk etmədən həyəcan gətirən fikir də bəzən tüfəngdən betər olur.

Aşıq bundan da abad yollar, kəndlər, şəhərlər görmüşdü, ancaq qadının dəvəti ilə, özü də gecənin bu vədəsində, qonaq getməyi, deyəsən, ilk dəfə idi. Ömür boyu ellər üçün çalıb-çağırmaq qismətində bu da varmış.

– Hə-ə, – Gülbuta mızıldandı, – axşam işıqlar yananda bu yol yuxarıdan qəşəng görünür. Nemes, başı batmamış, on tamam olan kimi söndürür. Deyir, kimin gecəlik nə işi varsa, getsin görsün. Yoxsa işıqda çox paxırlar açılar.

Gülbuta yalnız büllur gecənin və Aşığın eşidə biləcəyi xırdaca mıqqıltılarla güldü.

Aşığın bir əlində köynəkli saz, o birində aşpaz dəfə-darağı dolu çamadan kimi yekə torba, başında ulduzları yerə tökülüşməyə qoymayan uca papağı, belində kəməri vardı. İndi qadının gülüşünə cavab kimi torbadakı kəfgirlər, çömçələr, aşsüzənlər, məcməyilər şən avazla cıqqıldaşdılar. Az qaldı telli saz da dilə gələ.

İzah elədi ki, “nemes” kənddə Kamilə deyirlər. Dəqiqliyinə görə deyildiyini izah eləmədi.

Yəqin Kamil toyda Gülbutanın bişirdiyi dadlı xörəklərdən yeyib, on tamamda küçənin işıqlarını söndürüb gedib yatmışdı. Nemesdirsə, mütləq yatmış olar:

Yatıb, yatıb, oyanmır,

Ürək onsuz dayanmır,

Mən yanıram, o yanmır...

Aşıq yatmağa hazırlaşan kəndin, mahalın, bütün tərəqqipərvər bəşəriyyətin eşqinə “Dilqəmi” üstündə səssizcə oxudu.

Yolu iki tərəfdən bürümüş ağaclar ayın, ulduzun işığını budaqlarındakı meyvələrə süd kimi əmizdirirdi. Dərədə çay sonsuz zümzüməsiylə gecəni yuyub Kürə aparır, hava yavaş-yavaş sərinləyirdi. Yorğunluq olmasa, Aşıq özü gecəni Gülbuta ilə aparıb Kürə təhvil verib qayıdardı.

Qadın, əlində telefonu, azca ondan irəlidə sayın-sanballa yeriyirdi. Çiyninə güclə çatan saçlarını, qoluaçıq, gen koftasını, işıldayan baldırlarını və yumru dabanlarına dəyib maraqlı səslər çıxaran şəpitlərini elə bil asfalt da, ağaclar da, ayı bəxtəvərliklə doğuzdurmuş dağlar da tanıyırdı. Elə bil gecənin də, yolun da, ağzını ulduzlu qübbə duvağı ilə qapadığı dövrələmə dağlardan ibarət bu nəhəng qazanın da külli-ixtiyarı onda idi. Yerin, göyün, dağların nəbzinə dəqiq akkord kimi sərbəst oturan hər addım səsi onu öz mülkünə daha çox hökmran edirdi.

Günorta ocağın başında ilk dəfə görəndə Aşıq onu şaqqalanıb qarmaqdan asılmış cöngə qoluna bənzətmişdi: əti ət, yağı yağ, sümüyü sümük yerində, dadlar-ləzzətlər padşahı kimi alovun, tüstünün içində acışan gözlərini qıyıb durmuşdu. Od-ocaq, qazan-tiyan qatarında bişən hər şeyi duruşu, baxışı, qızarmış yanaqları ilə, dodaqlarından qopan şirin ləhcəsilə dada gətirirdi. Aşıq da ki ustadlar görmüşdü, məclislər yola salmışdı!

Ləhcəsi, şivəsi şəkərim, balım,

Arzumdur, həmişə qoynunda qalım!

– Aşığın könlü xəngəl istəyir, a Savadalı, – qırmızımtıl kəfgirini bəy şaxı kimi yuxarı qaldırıb toy sahibinə dedi.

Elə bil bu dəqiqə xəngəl yeməsə, əlindəki bir stəkan həlim də Aşığın səsgücləndirənlər vasitəsilə kəndə, dağlara yayılmış səsini toplayıb gətirib yerinə qoya bilməyəcəkdi.

– Gör neynirsən da-a, Gülbuta, – Savadalı qayğılı baxışlarını aşpazdan Aşığa qədər süzdürərək, qaynayan qazanların ətirli buğuna, stolların üstünə qalanmış qab-qacağın, göy-göyərtinin, kartofun, soğanın basırığına mənasız xəngəli heç cür yerləşdirə bilmirmiş kimi dedi və işinin dalınca yürüdü.

İndi Aşığın bu işıqları söndürülmüş abad küçədən, sazdan-sözdən keçib Gülbutanın evinə xəngəl yeməyə getməyi, nəticə etibarilə, zarafatın həqiqətə, həqiqətin də sərgüzəştə çevrilmə məqamı, bəlkə də toydan sonra nağara idi.

– Gülbuta xanım, doğrudur, bəyax buraların xəngəlini təriflədim, ancaq sənin əliyin dadını günorta yediyim o buğlamadan hiss elədim, – Aşıq bəy tərifinin davamı kimi gecəyə və qadına məhrəmanə gənəşdi. – Elə həyəti bürümüş o dadlı qoxulardanca duydum. Ələsgər babamız olsa, deyərdi:

Göyçənin qonağa çoxdu hörməti,

Qaysava, qayğanaq verir ləzzəti.

Pilov, dolma, kabab, əmliyin əti,

İnsaf elə, tək motaldan danışma!

– Aşıq, Gülbutanın əlinin dadı-duzu Çınqıllı dərənin yeddi para kəndinə bəllidi. Heç, denən, sezon vaxtı bir gün dincliyim olurmu?! Hər toydan sonra da, elə olur, günnən dilimin altından sudan başqa heç nə keçmir. O nağıllarda deyir e-e, aş yedim, nə əlim batdı, nə ağzım daddı, nə də qarnıma bir şey getdi...

– Belə baxıram, elə diliyin də dadı-duzu pis döylü, – Aşıq dedi. – Uşaq vaxtı rast gəlsən, səni özümə şəyird götürərdim.

– Elə bilirsən, gəlməzdim?! Səsim-ünüm indi filarmoniyalardan gələrdi. – Qadın yenə bayaqkı kimi güldü. Aşığın Ələsgər babası bunu demişdi: güləndə qadası canıma düşdü.

Konvoyun yoxluğunda və bu gülüşün azadlığında Aşıq incə bir xəyal rayihəsi duydu. Çay şırıltısı və işıq dolu gecə həzin, hövrlü bir meh ləngəri ilə onların ikisini də vurub aralarındakı məsafəni azaltdı. Gülbuta bu yolun göyə millənib dağ başında şəkil kimi durmuş aya qovuşmasını, onun içindən keçib dağların başında süzməsini istədi və həyatda bütün yolları ürək tutan kiminləsə beləcə qoşa getməyin gözəl xəyalı ilə susdu.

Qarşıdakı döngədən qəflətən çıxan səssiz velosiped çatıb dayandı, zınqırovunu arsız-arsız zınqıldatdı, ağ işıq çevrəsilə onları ikisini də ortadan aşağı kəsdi. Aşıq sazı arxaya, torbanı irəli versə də, nəsə elə bil alınmadı: buxara papaq sazdan da betər dınqıldadı, enli kəmərin qızılı toqqası xaincəsinə bərq vurdu.

– Aşığı hara aparırsan belə, a Gülbuta? – oğlan soruşdu.

– Aparıram kəsib piloyun altına qoymağa? – Gülbuta sanki əvvəlcədən hazırladığı ötkəm cavabı verdi.

Gülbutanın qırımından ağlı bir şey kəsməyən oğlan tez velosipedi sürüb getdi və azca aralanan kimi uca, cırıltılı səslə elə bil Aşığın acığına oxudu:

Gecələr ay, gecələr

Ay batar, ay gecələr...

– Deyir, dəyirman növbəsində dağarcıq da özünü çuval sanar. Gecə-gündüz bu küçələri veyillənməkdən başqa işi-peşəsi yoxdu, – Gülbuta oğlana, onun oxumağına işarə ilə dedi. Aşıq dinmədi. Elə oxumaq dağda qoyunu da çaşdırar. Aşıq adam tanımağın iki əlamətini bilirdi: biri oxumaqdı, biri gülmək.

Cırıltı ilə açılan küçə qapısı Aşığın qulağını sancmış avazı bir anlığa yenə təzələdi. Mahnını korladığına görə oğlan bu dəfə Aşıqlar Birliyinin mərhum başqanı adından da məzəmmət edildi.

Gülbuta Aşığı həyətdəki üstüdöşənəkli taxta oturdub, yoldakından fərqli, bir qədər yorğun yerişlə hamamı yoxlamağa getdi. Aşıq gördü ki, vəsfə layiq bu yeriş ölmüşə yoldakından da yaxşı yaraşır, amma gecəyə, daş döşənmiş nazik cığıra, susmuş bağa baxıb, oxumaqdan nəsə vaz keçdi. Qara yubkanın arxada kəsiyi, hətta dərin kəsiyi də olsaydı, oxumazdı. Çünki oxumaq həmişə kəsiyə çatınca olur. Hər şeyin öz vaxtı, öz yeri var. Ağacın budağında özünə yer eləmiş, aş altına qoyulmalı bir neçə yuxulu toyuq Aşığa, onun böyründəki qara köynəkli saza baxırdı. Aşıq papağını çıxarıb sazın yanına qoydu, gecənin bu vaxtında onları narahat etdiyinə üzrxahlıq kimi dedi:

– Üzrlü sayın, ey uçan quşlar!

Gülbuta qayıdıb yanaşı oturdu.

– Bütün his qoxuram, – dedi. – Sabah yenə toyum var... Bala Yurdda. Sənin toyun yoxdumu?

– Yox, – Aşıq dedi. – Sabah axşam mən Gəncəyə getməliyəm, Əməkdar artist Səlim Quluzadənin yubiley konsertinə...

– Tezdən dalımca maşın gələcək. Sən yatmaq istəsən, yatarsan, – Gülbuta Aşığa qısılaraq dedi. – Çıxanda qıfılı kilidləyib, açarı hasardan həyətə atarsan. Məndə ayrı açar var.

Aşıq yalnız indi qadının üst-başından gələn ocaq qoxusunu hiss etdi. Təkcə his deyildi, xörəklərin iyindən ibarət ətirli bir çələng idi, güllü koftanın altından qımıldanan yüngül tər iyinə qarışıb qeyri-adi cazibə yaradırdı. Aşıq qadının əlini əlinə aldı və o iyi daha çox duymaq üçün burnuna yaxınlaşdırıb onun ovcunun içindən öpdü. Ona elə gəldi ki, uzaq yolu bura toy çalıb-oxumağa yox, məhz bu ocaq qoxusunun içində gizlənmiş qadın ətrini tapmağa gəlibmiş. Bu tapıntı Aşığı o qədər məmnun elədi ki, paltar-filan soyunmadan qadını qucaqlayıb bu köhnə taxtın üstündə səhərə qədər uzanıb qalmaq, gecənin nurunda çayın sonsuz mahnısını dinləmək istədi.

– Xəngəli sənə indi bişirim, yoxsa sonraya qalsın? – Gülbuta üzünü, boyun-boğazını dalayan xırda tikanlara mane olmadan pıçıldadı.

Aşıq istədi desin ki, xəngəl nədi, toyda yediklərimizdən sonra o xəmir parçalarını adammı yeyər?! Ancaq bu qeyri-adi doğmalıq və mehribanlıq anlarına görə xəngələ nəinki bir xörək kimi, canlı adam kimi hörmət bəsləməyə borclu olduğunu xatırlayıb tez dedi:

– Qalsın qışa, Gülbuta xanım? Xəngəl, deməyəsən, yarın könül siminə təzənə çəkməyə bir bəhanəymiş.

Yarın könül simlərinin hamısı yerində və kökdə idi, qamma oktavanı azdırmırdı. Ayaqlarının altı ilə yer kürəsinin nəbz döyüntüsünü hiss edirdi. Çalıb-oxumaqda indiyədək kəşf edə bilmədiyi xallar duşun suyu ilə bərabər göydən başına yağa-yağa Aşığın ruhunu həsrətində olduğu tamamilə yeni ladlara qovuşdururdu. O, ömrü boyu yaşadığı qadağa-qaytaqları, cinsi cahilliyi xatırlayıb özünü qınadı, onların ucbatından nələr itirdiyini başa düşməyə çalışdı. Bu an diyirlənə-diyirlənə gəlib açıq qapıdan balaca hamam otağına girən ay olmasaydı, təzəli-köhnəli bütün xatirə və təəssüratlar onun nurunda yağ kimi əriməsəydi, Aşığın yuxuya bənzər bu fikirləri ağırlaşıb daha əzici olardı.

Sübh tezdən hələ ağacda banlayan xoruzun səsinə oyanmış Aşıq yataqdan gec qalxdı. Nəinki yerindən qalxmaq, heç tərpənmək istəmirdi. Gecədən ayın içinə girmiş dünya yüngül, boş və təmiz idi. O boşluğun bir ucu haradasa lap yaxında, Aşığın ürəyinin altında, dəmlənirdi: indiyədək ona əzab verən, onu daim qayğılarla yaşamağa, nəsihətamiz şeirlər yazıb saf məhəbbət və düz ilqar mahnıları oxumağa məcbur edən hər şey ora gömülmüşdü.

Evi, həyəti gəzdi: kimsə yoxuydu. Toyuqlar gözünün içinə elə diqqətlə baxırdılar, sanki bütün gecəni, ayın gəlib hamama girməyi də daxil olmaqla, hər şeyi canlı izləyib dərk etmişdilər və indi onunla bağlı uçan quşların nəsə ciddi şübhələri yaranmışdı. İçindəki boşluğun qırağı ilə gəzə-gəzə, faydalı nəsə etmək xətrinə, damdan dən tapıb onlara atdı, sonra gördü ki, toyuqlar heç vannadakı plov qalıqlarına baxmırlar, o da qala qılçıqlı arpaya. “Sən də, deyəsən, bəynən piloy yemirsən ki, saqqalın yağa batar”, – bunu toyuqların arasında erkək məsuliyyəti və ər qayğısı ilə gəzişən, arada ona tərs-tərs baxan qırmızı xoruza müraciətlə dedi. Quş onun dediyinə biganə qalmadığını yumru, qara gözünü və əsatir heyvanına bənzər eybəcər başını oynatmaqla reaksiya verdi.

Onun xoruz haqqında öz əhvalatı vardı, ustadı danışmışdı. Bəlkə də ibrətamizlik xətrinə uydurmuşdu. Deyir, həyətdə on-on beş toyuğum vardı, bir dənə də xoruzum. Uşaqlara hücum elədiyinə görə xoruzu kəsdim, getdim ayrı bir qırmızı xoruz alıb gətirdim. Bu quş çox diribaşıydı, yetirən kimi vəziyyətə nəzarəti götürdü, özünü toyuqlara əsl xoruz kimi tanıtmağa başladı. Bir-iki gün keçməmiş, deyir, gördüm indiyədək fərə bildiyim bir çilli də toyuqların arasından başladı öz xoruzluğunu naşı-naşı göstərməyə. Ancaq təzə xoruz bunu necə qısnayırdısa, qırışığı açılmırdı. Xeyli belə keçdi, çilli böyüdü, sinə dolusu banladı, yerişi-duruşu dəyişdi, quyruğu şələləndi, eləcə, təzə xoruz yenə buna nə rahat dən yeməyə, nə də toyuqlarla yaxınlıq eləməyə imkan verir. Bunu qarabaqara izləyir, bir an gözdən qoymur, xəlvətə salıb toyuqla yaxınlıq eləyəndə də dərhal peyda olub üstünə şığıyır, dalınca düşüb həyət boyu qovurdu. Deyir, bu beyinsiz heyvanın belə, davamlı və qəti qısqanclığına xeyli təəccübləndim. Axırı, hər gün gözümün qabağında dəfələrlə təkrarlanan bu ədalətsizliyə dözmədim: qırmızını tutub saldım cücə qəfəsinə ki, bir az da çilli xoruzluğun ləzzətini duysun. Deyir, nəhayət, vüsala yetmiş çilli bunun gözünün qabağında başladı toyuqları eninə-uzununa basmarlamağa, bu da qəfəsdə özünü tora çırpıb çığır-bağır salmağa. Bir həftə belə davam edəndən sonra, fikrim vardı ki, cəzasını çəkmiş qırmızını açım buraxım, ancaq səhərin birində gəlib onu qəfəsdə ölü gördüm. Deyir, gördüm ki, bu dünyada mənim anlaya bilmədiyim hikmətlər çoxdur: xoruzu aparıb ədəb-ərkanla dəfn elədim, üstündə də dua yerinə oxudum:

Atdan, addan düşən igidə,

Neynim, neynim

Ölüm yeydi-yeydi,

Neynim, neynim ...

Günəş ağacların altına müxtəlif şəkillər çəkmişdi, yüngülvarı fantaziya ilə birini qazan üzərinə əyilmiş Gülbutaya oxşatdı. Yaddaşı yenə ötən gecəyə, onun ayrı-ayrı səslərinə, şəkillərinə tərəf səyridi. O cür bir əsər yaratmış qadının səhər tezdən onu yuxudan oyatmadan çıxıb işinin dalınca getməsi Aşığı sakitləşdirmək əvəzinə, yenə həyəcanlandırmağa başladı. Saz öz-özünə dınqıldanıb qarşısında dayandı və taxtın ətrafına toplaşmış toyuqlar üçün aldı görək nə dedi:

Sizə ərz eyləyim, ey toyuq-cücə,

Qəlbimə yüz fikir, xəyal dolubdu.

Ayın işığıyla nurlandı gecə,

Nitqim, sözüm dodağımda donubdu.

Küçə qapısının döyülməsi Aşığın sözünü yarımçıq qoydu. Velosipedli oğlan bu dəfə qarşısında zınqırovsuz, işıqsız durmuşdu. Əhvalının belə həssas dəmində, üstəlik, kiməsə hesabat vermək ehtimalı da Aşığı bir yandan pəjmürdə etdi. Onu görüb duruxmuş oğlan Gülbutanı soruşdu. Belə götürəndə, Gülbuta ilə nə işi ola bilərdi?

– Yoxdu, – Aşıq dedi. – Hansısa kəndə toya gedib. Olmaya, puloy yeməyə gəlibsən?! – Aşıq zarafat eləmək istədi.

Oğlan nə deyəcəyini fikirləşə-fikirləşə gözlərini döydü, dodaqlarını yaladı və birdən sərt şəkildə soruşdu:

– Bəs sən kimsən?

– Görmürsənmi, Aşığam.

– Bilirəm ee, gecə Gülbutaynan gələndə gördüm səni, – oğlan təzəcə qırxılmış ağ üzünü qəribə tərzdə yana əyib, qulağını çanaq antena kimi onun ağzına tuşladı. – Deməyim odur ki, bəs niyə çıxıb getməmisən?

– Hara gedim? – Aşıq qəti qırımla dedi. – Mən Gülbutaynan evlənmişəm. Bundan sonra burada yaşayacam.

– Zarafat eləyirsən? – oğlan gözlənilməz cavabdan əsəbiləşdi, ancaq zorla sakitləşərək qəddini qələm kimi düzəldə bildi. – Bəs sənin arvad-uşağın yoxdumu orada? – başı ilə uca dağların o üzünə işarə elədi.

– Var, niyə yoxdu? Onları da sevirəm, bunu da! Olmazmı?

Oğlan əlindən buraxmadığı velosipedi gəmi döndərirmiş kimi ehtiyatla, tam açıq qol məsafəsində fırlayıb yerə baxdı. Elə bil söz tapa bilmədi. Dəmir atı minməzdən əvvəl başını qaldırıb ikrahla Aşığı süzdü və dedi:

– O mahnı var e-e, bilirsən onu?

– Nə mahnı? Mən çox mahnılar bilirəm.

– İki şey... İki məhəbbət, iki dəhşət...

Sonra maşınını maksimum sürətlə sürüb günəş işığı ilə ləbaləb dolu küçə boyu üzüyuxarı getdi. Döngədə gözdən itənə qədər Aşıq onun ardınca baxdı ki, bəlkə oxuyub gün işığındasa öz səsinin cırıltısını eşidər. Oxumadı.

– Mən o mahnıları oxuyanda sən qətdannan qənd oğurluyurdun! – sanki oğlana yox, uzaq bulud bozluğunda üfüqü qapamış başı qarlı dağlara deyib həyətə qayıtdı.

Başı qarlı dağların o üzündən Aşığın oğlu zəng vurdu, gecə evə niyə qayıtmadığını soruşdu. Oğlu üçün nəsə uydurmağa Aşığın dili gəlmədi. Axşam, Gəncədə konsertdən sonra, gələcəyini dedi. Özündən, taxtın üstündə onu gözləyən çılpaq sazdan utandı, tez götürüb onu köynəyinə soxdu. Bir köynək də olsa, özünü onun içinə təpərdi ki, toyuqlar görməsin. İki nəfərdən başqa kimsəyə istisi-soyuğu olmayan həyat işlərinin belə çətinliyi, ortadakı sədlərin keçilməzliyi onun kefini tamam pozdu: dünya şeir deyil ki, götürüb onu təzədən yazasan!

Kilidlədiyi qıfılın açarını həyətə atmadı, yarpağa büküb Gülbutaya məktub kimi hasarın dibindəki daşın altına qoydu. Günəş qalxıb gecəni xəyala çevirmiş ayı məmləkətdən uzaqlaşdırmışdı. Ağarmış göy üzündə ayparanın uzaq işartısını güclə axtarıb tapan Aşıq indi sanki qəflətən eşitdiyi çayın şırıltısını da gecə xatirəsinə əlavə edib, onları ürəyinin altındakı boşluqda bir daşın altına qoydu. Ay işığında dünyanın da, adamların da nəsə ayrı cür olduğuna təəccüblənə-təəccüblənə kənd meydanına tərəf getdi.

2024