Sədaqət Kərimova - QRIZ ŞƏLALƏSİ - "QURQUR"

YAZARLAR 08:45 / 07.11.2025 Baxış sayı: 829

 

Doğma yurdu qarış-qarış gəzmək, onun gözəlliklərinin seyrinə dalmaq kimi cəlbedici nə ola bilər? Dəfələrlə olduğumuz Quba rayonunun Qrız kəndinə bu dəfə «Qurqur»a baş çəkmək niyyətiylə yola düşürük. Ötən səfərlərimizə köhnə yolla çətinliklə getdiyimiz yadımdadır. Qayıdanda yeni çəkilmiş yolda az qala dağ uçqununun altında qalacaqdıq. Möcüzə nəticəsində fəlakətdən qurtulub yenidən köhnə yola üz tutduq.

Bu dəfə Quba-Susay istiqamətində çəkilmiş asfalt yolla həmin kəndə yola düşdük. Bir neçə gün əvvəl yağan qar dağları ağ örpəyə bürüyüb, əzəmətli gözəlliklər yaratmışdı.

Qrız kəndi Quba rayonunun ərazisində, Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2050 m yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Bura Azərbaycanın ən çox qar düşən yaşayış məntəqələrindəndir. Yeri gəlmişkən deyim ki, bu kənd və onun sakinləri haqqında “Qrızlar” adlı sənədli filmim mənim Youtube kanalımda yayımlanır.

Hə, gəlib çatdıq Qrıza. Bu kənddə qədim dövrlərdən ləzgi dil qrupuna aid olan qrızlar yaşayır. Kəndin kənarı ilə dağlara tərəf gedirik. Düzəngaha çatanda maşınımızı saxlayıb qalan yolu piyada qət edirik.

Şəlalə kənddən 2,8 km məsafədə yerləşir. Qızılqaya dağının qarlı zirvələri yol boyu bizi müşayiət edir. Sıldırım qayalar, göydə qıy vuran qartallar, ayaqlarımızın altından axan xırda çeşmələr yoxuşun ağırlığını bizə unutdurur. Hər addım başı bir cür gözəllik görüb onu kameranın yaddaşına köçürmək istəyirik.

Nəhayət, gurultu səsi bizə şəlalənın yaxınlıqda olduğunu xəbər verir. Amma dağlar təkcə gözəlliklərlə deyil, yaratdığı gözlənilməz təhlükələrlə də tanınır. Qarşıda dağ uçqununun yaratdığı qorxunc mənzərə var. Sağ tərəfdəki nəhəng qaya qopub mağaranın yanına düşüb, parça-parça olub. Nə yaxşı ki, mağaranın yolunu bağlamayıb.

Biz həmin uçuntunun üstündən keçib həsrətində olduğumuz gözəlliklə görüşə tələsirik.

İlahi, bu nə gözəl möcüzədir! Nəhəng mağaranın üstündəki yarıqdan gurultu ilə axan şəlalə heyrətamiz gözəllik yaradıb. Onun tamaşasından doymaq olmur. Noyabrın ikisidir, amma soyuqdan tir-tir əsirik.

Qurqur şəlaləsi el arasında Qrız şəlaləsi kimi də tanınır. O, dəniz səviyyəsindən 2190 metr yüksəklikdədir, hündürlüyü 6 metrdir. Şəlalə Qızılqaya dağından başlayır, mənbəyini ondan bir qədər aralıdan axan Babbey şəlaləsindən və Bərkdərə çayından götürür.

Şəlalənin əmələ gətirdiyi çayın göz yaşı kimi duru sularının qıvrıla-qıvrıla axmasına tamaşa etməkdən doymuruq.

Bir qədər dincimizi alıb geri qayıdırıq. Yolda qayalarda bitən, qədim dövrlərdən dağ çayı kimi tanınan, ləzgi dilində “yaltan” adlanan şəfa bitkisindən çətinliklə bir ovuc toplayıb yolumuza davam edirik.

Azərbaycanda öz füsunkar gözəllikləri ilə insanı heyran edən təbiət lövhələri arasında Qrız şəlaləsinin – "Qurqur"un özünəməxsus yeri var. Bu dağlar gözəlini bir dəfə görən heç vaxt yadından çıxarmaz. Şəlalənin özəlliyi ondadır ki, yayda bir cür, qışda başqa cür insanı sehirləyir. İsti aylarda onun gurultu ilə axan dumduru suyu yerə töküləndə zümrüd rənginə çalır. Şəlalə noyabrın ortalarından aprelin ortalarına kimi buz bağlayır. Buzun qalınlığı 2 metrə çatır. Təkcə şəlalə yox, həm də Qrız mağarası başdan-başa donaraq ağappaq buz pərdəsi ilə örtülur. Bu heyrətamiz gözəllik insanları özünə cəlb edir.

Gəldiyimiz yolla geri qayıdırıq. Kənd sakinlərindən kiminsə səxavətlə, zövqlə düzəltdirdiyi talvarın altında dincəlib, bir tikə çörək yeyib geri qayıtmağa tələsirik. Çünki birdən-birə hava tutulub, duman dörd tərəfi bürüyüb.