Saqif Qaratorpaq - YOXDUR
Sən hələ bilmirsən,könlümün ahı
Çıxıbdı sözümə,xəbərin yoxdu...
İçimdə gizlənən qəmin kölgəsi
Düşübdü üzümə,xəbərin yoxdu...
Mən sözün göyünə gecə çıxıram,
Öz köhnə evimi eşqnən yıxıram.
Gözümün yaşını oda yaxıram,
Qatıram közümə,xəbərin yoxdu...
Bir qərib sevdaya uzanan yolam,
Sökülüb hasarım,uçubdu qalam.
Neçə yad adama dost ola-ola,
Düşmənəm özümə,xəbərin yoxdu...
Əzəldən keçmişəm dərdin cənginə,
Min illik bir yolu gəldim bir günə...
Bir əcəl bürünüb payız rənginə,
Qısılıb izimə,xəbərin yoxdu...