ÖLÜB GETDİ, QALIB GÖZDƏN DÜŞMƏDİ..

11:15 / 24.04.2026 Baxış sayı: 243

.

Canım, sən ki, ağasısan sözünün,

Fərq eləməz, lap nökəri desinlər.

Sən özün ki, tanıyırsan özünü,

Bir az o yan, bir az bəri desinlər...

 

Tapdasınlar, xışlasınlar, sonra da

bəyənsinlər, xoşlasınlar sonra da...

Gizli-gizli daşlasınlar, sonra da

daşlayandan yox xəbəri desinlər...

 

Bu qondarma, yas misallı şərdə gül,

Ol özünlə öz aranda pərdə, gül.

Sənə layiq dərd olmayan dərdə gül,

Heç yox imiş dərdi-səri desinlər...

 

Gəlib getdi, gəlib gözdən düşmədi,

Qalib getdi, qalib, gözdən düşmədi.

Ölüb getdi, qalıb gözdən düşmədi

bəxtəvərin bəxtəvəri desinlər...