Ehtiram İlham - "ANAMA YAZDIQLARIM"dan
Sağlığında adına bir misra belə yaza bilməmişdim.
Şəninə söz tapıb, yaraşdırmamışdım bəlkə də.
Səndən sonra ....
...sonra isə nə ki yazdığım oldu, hamısını Sənin adına ismarladım, ANAM!
Sən axı şeiri çox sevirdin.
Lap uşaqlığımdan məndə şeirə sevgini də sən yaratmışdın, mənim ağzı dualı, sinəsi söz-şeir dolu ANAM!
İndi ruhuna çatarmı bu şeirlər?
☆☆☆☆☆
"ANAMA YAZDIQLARIM"dan
1.
Məni ən çox istəyənim,
Ən çox istədiyim Adam.
Gözümü açıb, dünyada
Ən ilkin gördüyüm Adam.
Evim, qalam, bürcüm, dağım,
Arxam-önüm, solum-sağım.
Mənim ən çox yaşatdığım-
Ən çox öldürdüyüm Adam.
Ruhunu üstümə sərib,
Nəyi varsa mənə verib.
Dərgahına səcdə gəlib,
Allahım dediyim Adam.
2.
Yol gəldin çiynində balalarının,
Yoluna, izinə qurbanam, Ana.
Bircə can kəlmənə verrəm canımı,
Hər kəlmə sözünə qurbanam, Ana.
Sən bizə qibləydin, sən bizə yöndün,
Yandın günəş kimi, ocaqtək söndün.
Göylərdən enmişdin, göylərə döndün,
Məlakə üzünə qurbanam, Ana.
Ayrı ha düşmədin əzizlərindən,
Gedib, gör kimlərə qovuşmusan Sən.
Balıncın torpaqdı, yorğanın kəfən,
O yorğun gözünə qurbanam, Ana.
3.
Məni ovudarmı xatirələrin,
Səni xəyallarda anıram indi.
Nəfəsin qoymazdı dərd mənə bata,
Dərdimnən canımı yenirəm indi.
Sən vardın, dünyada hər şeyim vardı,
Ömrüm də, günüm də nə bəxtiyardı...
İndi haman dünya ruhuma dardı,
Özümü kimsəsiz sanıram indi.
Sənsiz nə ünvanım, sənsiz nə adım,
Halıma acıyır yaxınım, yadım.
Vaxtında başına dolanammadım -
Qəbrinin başına dönürəm indi.
4.
Üzümdə su yoxmuş, içimdə qəhər,
Qalmadı canımda nə güc, nə təpər.
Bu qansız dünyayla qaldım bərabər,
Yaşadım, ay Ana, səndən sonra da...
Yapışıb qolboyun dərdnən, amannan,
Qurtardım biryolluq dinnən, imannan.
Ağrıyan ürəknən, titrəyən cannan
Yaşadım, ay Ana, səndən sonra da...
Elə dünənəcən Sən də vardınmı?
Oğlunla, qızınla bəxtiyardınmı?
Sən mənsiz bircə an yaşayardınmı?
Yaşadım, ay Ana, səndən sonra da...
Sənsiz bu - gündümü, bu - həyatdımı?
Dözüb dayanıram, zarafatdımı?
Xəbərin oldumu...
Ruhun şaddımı? -
Yaşadım, ay Ana, səndən sonra da...
2004.