Elşən Əzim  - Axı

Ədəbiyyat 20:00 / 23.04.2026 Baxış sayı: 610

Hər gün əhvalını necə soruşum,

Arası mənimlə sərinsən axı.

Mən bir gün ağıllı, mən bir gün dəli,

Sən huşu, idrakı dərinsən axı.

 

Gözlərim yollardan doymaz, yığılmaz,

Sən gerçək vurğunu, mənsə nağılbaz.

Mən elə bilirəm dünya dağılmaz,

Sən bir də gözümə görünsən axı.

 

Demirəm al üzlü səhər kimiyəm,

Əzəldən qəm kimi, qəhər kimiyəm,

Mən niyə bu qədər zəhər kimiyəm,

Sən niyə bu qədər şirinsən axı?!