İdris Babayev - ÇƏKMİŞƏM YÜKÜMÜ QARIŞQA KİMİ
Yenə də çağladı gözümdə bulaq,
Yaralı qəlbimi aldı özümdən.
Bir dəfə gözümdən düşən dünyanı,
Yenidən selləyib saldı gözümdən.
Nə daşa dəymədi, nə qırılmadı,
Gözümdə almaza döndü tışəsi.
Nə idi günahı kirpiklərimin,
Göz yaşı daramaq oldu peşəsi.
Könlümün divarı hörülüb qəmdən,
İçində gül açıb dərd daşın üstə.
Kəssəydi başımı mərd, ağlamazdım,
Namərd qılınc çaldı, mərd başım üstə.
Doğrumun üstünə saldılar palaz,
Olmayan yalanım göründü gözə.
Mən belə yaşadım gödək ömrümü,
Yalana yox dedim, büründüm düzə.
İdrisəm, doğulan gündən bu günə,
Yazılıb alnıma dərd "qaşqa" kimi.
Özümdən on dəfə ağır olsa da,
Çəkmişəm yükümü qarışqa kimi.
24.04.24