Adilə Nəzər - Həyatdan cavab arama

Ədəbiyyat 14:41 / 24.04.2026 Baxış sayı: 732

***

Könül, daha suallara,

Həyatdan cavab arama.

İndiyədək bildiklərin,

Dərman olmadı yarana.

"Doğrular" yalanlamısan,

Yalanlar doğrulamısan.

Sən kimə nə vermisənsə

Özündən oğurlamısan...

Bir bax, hanı arxadaşlar,

Kim sadiq qaldı andına.

İçinə axanda yaşlar,

Kim döndü yara bandına?

Yaşandı bitdi bunca dərd,

Sayı-hesabı unutdun.

Anan oldun, bacın oldun,

Özün özünü ovutdun.

Bəsdi ağlama, rahat ol,

Göz yaşın təzə quruyub.

Bax, dünyadan dünyanın da,

Əli, ayağı soyuyub.