Saqif Qaratorpaq - Sübh açılır...Şeh düşür
***
Sübh açılır...Şeh düşür
Bir sözün dodağına.
Bir misra qonaq gəlib
Könlümün otağına.
Xəyalım azıb qalıb
Yazla qış arasında.
Bir şeir çiçəkləyib
Qələmin qarasında.
Açılıb sağ əlimlə
Ağ varağın yaxası.
Demək,belə olurmuş
Bir sevdanın bahası...
Barmaqlarım tuş gəlib
Bir gülün tikanına.
Hansı qapını döyüm,
Gedim kimin yanına?!
Heyif,daşa toxunub,
Sınıbdı eşqin camı.
Sacımdan gül qoxusu,
Üst-başımdan söz damır...