Saqif Qaratorpaq : - Bircə dəfə gəlir xoşbəxtlik...

Ədəbiyyat 11:40 / 05.08.2025 Baxış sayı: 2101

Bircə dəfə gəlir xoşbəxtlik,

xəbərin ola,ya olmaya.

Bircə dəfə düşür qismətə görüşmək,

cənnət quşutək

bir ömürdə.

Baxt qızıl balıqdı,

bircə dəfə düşür tora,

Onda da

ya yarıyuxulu olursan,

ya da yarısərxoş.

Səndən keçmir xoşbəxt küçələr,

kimsə səhv salmır ünvanı,

Səadət döymür qapını

sevdiyin,ya da sevəcəyin

adamın əliylə.

Qəfil səsə qaçırsan,

sevincək,

qaranəfəs...

Ya işıqçıdı,

ya da borc aldığın adam.