Şakir Xanhüseyn -  Keçən o yolçuya ovcunda su ver...

Ədəbiyyat 12:22 / 05.09.2025 Baxış sayı: 2385

***

keçən o yolçuya ovcunda su ver,

dindirsən deyəcək ürəyim yanır...

necə bir dözülməz yer olubdu yer,

ay köksümdə ürək,

ürəyim yanır...

baxma ki, ağaclar ucalır göyə,

yenə meyilləri yerədi, bilsən.

hər şey torpaq üstdə,

gözünlə gör də,

özünə bir yerdə yer edir, bilsən...

dağlar da

yerindən sürüşməz azca,

bir qarış uzağı gözə almazlar...

dözümdə bir daş ol, ya da ki, qaya,

doğma torpaq üçün ayağın sızlar...