Şakir  Xanhüseyinli - DOLU ÜRƏK BOŞALSA YEY

Ədəbiyyat 18:04 / 29.10.2026 Baxış sayı: 745

 

Dolu ürək boşalsa yey;

ağır bir yükə dönür lap

Sualı özümə verib

ala bilmədiyim cavab...

Sellənib göyəmi axır;

ağzı haradı çayların...

Bir sakitlik gəzir ürək

içində bu qeylü-qalın.

Kim kimə üzünü tutur,

harda ayrı, harda birik;

Biz əl-ələ vermirik ki,

ayaq-ayağa veririk...

Qulaq deşən, bağır yaran

səslər, allah, batmış kimi.

Biri keçir qabağımdan

ayaq üstə yatmış kimi.

Ağlım görür, gözüm kəsir,

yağan yağış daş yağır, daş.

A qardaş, nədən ötrüdür

qucağına yığdığın daş?

Fəndlər işə düşür elə,

hayla gələn getmir huyla.

Qorxan yox bir odu sönmüş

yeri yandırar ahıyla...

Üç almadan keçib daha,

axı, göydən düşən nədir.

Başa düşənin də sözü

sözü başa düşənədir...

Bir xatirəm oyananda

sevinci də qəm görürəm...

Hara göz qoysam, mən ordan

bir damla yaş götürürəm...

Ayağım hönkürür yola;

yol özündən getmiş kimi...

Susuz yerdə bitən çiçək,

ömrün çoxdan bitmiş kimi...