Firidun Agazadə  - Yaxşı yadımdadır Alışan kişi...

Ədəbiyyat 10:05 / 30.10.2026 Baxış sayı: 356

***

Yaxşı yadımdadır Alışan kişi,

Namərdə, nakəsə “Yolsuz!” deyərdi.

Qəzəbi dilində alışan kimi

Bu sözlə zəhmini bülövləyərdi.

 

Ağsaqqal bilirdi kəndin sədri də,

Zəhminə yaraşan sözləri vardı,

Xain də, xəbis də, əliəyri də

Bir “Yolsuz!” sözüylə damğalanardı.

 

Deyərdik, “Yolsuz”un nə var qanında? –

Niyə bir məzhəbə qulluq eləmir?

Yolu var ilbizin, qarışqanın da,

İlbizdən vecsizdi “yolsuz”, eləmi?

 

“Antipod” deyilən qurumsaqları

Görüb tanıdıqca sonra özüm də,

Nə qədər hirsimi udub saxladım,

Alışan kişinin həmin sözündə.

 

Kənddə nə görmüşdüm, var şəhərdə də,

Dəyişib adını, cildin fəqət.

Kənddə “Yolsuz” idi bu ağlıgədə,

Şəhərdə “antipod” olub biqeyrət.

 

“Yolsuz” – nə sağı var yəni, nə solu,

Yolsuzluq ən böyük dərddi dünyada.

Ömrümə yol olsun eşqimin yolu,

Onunla sınaram mərdi dünyada.