Şakir  Xanhüseyin - DÜYÜN

Ədəbiyyat 19:16 / 28.06.2026 Baxış sayı: 179

 

öyrən, öyrən düyün vurmağı,

yolunu, haqqını tanı;

səhəri açıb

onu gecə düyünləyir Tanrı.

elə açılır,

bərələ qalır

gözünə yuxu düyünləyə bilmirsən.

nədir, axı, gördüyün,

kör düyündü, kör düyün;

həyat düyün, gor düyün...

ayağına düyün vur,

açanda yolun da açıla...

dodaqların düyünlənməsə,

çətin dilin də açıla...

min illərdi

haqq qapısı açılmır üzümüzə,

olsun ki,

istəyimizcə düyünlənməyib bəxtimiz,

eh, biz...

eh, sən;

qaranı elə düyünlə ki,

ağ aça biləsən...