Şahverən Cavad - Keçdik dəhlizindən fani dünyanın
Tanrı sevgi ilə yaratdı bizi ,
Dünya yaxasından keçirmədi , heç .
Keçdik dəhlizindən fani dünyanın ,
Bizi yaddaşına köçürmədi , heç ,
Hər ömrə toxum tək əkildi bir ad ,
İnsanın ilk mülkü , bəlkə , ad olub .
Vaxtın dumanında yox oldu adlar ,
Zamanı yaşadan kəs- ustad olub .
Həyat bir məktəbdir - sınağı ağır ,
Çoxu imtahandan keçə bilmədi .
Mətni yazılıbmış qaralama tək -
Çox alın yazını seçə bilmədi .
İçində boğulan burulğanam mən ,
Uşaq arzularım - don vurmuş çiçək .
Kəsirdə qalıbdır uşaqlıq çağım ,
Anamın yarımçıq qalan ömrü tək .
Anasız böyüyən ağaclar ki , var ,
Saralan yarpaqlar çəkir ağrını .
Zülmət gecələrdə çox dinləmişəm ,
Tənha ağacların ağlamağını .
28 . 06 . 2026
Türkiyə . Samsun şəhər