Sabir Zəkullaoğlu - Bu bir taleh işidir.
Bu haqda bir dəfə yazmışam. Bu gün bunu təkrar yazmaqda fayda var. Həm də bu gün, bu yazı cəmiyyətin sosial sifarişidir deyə düşünürəm.
İnsan harda doğulursa, harda ətraf mühitlə, dağla, daşla tanış olursa, ora onun vətənidir. İnsanın uşaqlıq xatirələri, təbiətlə ilkin toxunuşu, ünsiyyəti, yıxılıb-durduğu, yağışdan sonra yaşadığı torpağın xoş ətrini duyduğu məkan onun vətənidir. Və bu yaşantıları xatirələrə çevrilib onu bir ömür izləyir.Harda olur olsun, o xatirələr onu doğulduğu yerə can atmağa sövq edir. Hətta o xatirələr acı olsa belə.
İstər Qarabağdan, istərsə də Qərbi Azərbaycandan qovulmuş, didərgin düşmüş soydaşlarımız, havasını udub, suyunu içdikləri, canında, qanında, ruhunda daşıdığı vətən həsrətini, uşaqlıq xatirələrini hansı əzabla gəzdirdiklərini təsəvvür etmək yəqin ki çətin deyil.
Bəli Qarabağ, Qərbi Azərbaycan onların vətənidir. O torpaqlardan didərgin düşmüş insanların o torpaqda atalarının qəbri, babalarının ruhu dolaşır. Bu ruh onları həmişə o məkana səsləyir.
Ancaq Qarabağın işğal altında qaldığı otuz il ərzində o insanların çoxu dünyasını dəyişdi. Bir qismi xəstələndi, qocaldı.
Bu gün o torpaqlar işğaldan azad olunub. Və o torpaqları Azərbaycan xalqı birləşərək birlikdə erməni-rus hərbi birləşmələrindən azad ediblər.
Artıq yeni bir era başlayıb.
Qarabağdan qaçqın düşmüş insanların övladları otuz ildir Azərbaycanın müxtəlif yerlərində, əsasən də Bakıda məskunlaşıblar.
Və yeni nəsil artıq öz uşaqlıq xatirələrini Qarabağda deyil, ölkənin müxtəlif regionlarında formalaşdırıblar.
Artıq onların vətəni Qarabağ deyil.
Qarabağ bu gün hamımızın vətənidir. Qarabağda bu gün köhnə qarabağlılar yox, yeni nəsil formalaşmalıdır.
Bu iş könüllü olmalıdır. Kim istərsə getsin. Özü bilər.
Ancaq Qarabağa getmək istəyən qarabağlıyla bakılıda, şirvanlıda fərq olmamalıdır.
Yəni qarabağlının xüsusi statusu olmamalıdır. Onlara dövlət yalnız maddi təminat ödəməklə itirdiklərinin bir qismini ödəməlidir.
Zatən onlara dəyən ziyanı heç nəylə əvəz etmək mümkün deyil.
Bu bir taleh işidir.
Necə deyərlər son iki yüz ildə rusun bizə yaşatdığı növbəti və ümid edək ki sonuncu faciədir.
Bir daha işğal altına düşməmək üçün bizə güclü olmaq, bir olmaq lazımdır. Düşünürəm ki, torpaqlarımız işğal altına düşən gündən hamımız qarabağlıyıq.
Qarabağ Azərbaycandır!