Rəbiqə Nazimqızı - Daha tərpətmir səni gileyli yalvarışlar,
Daha tərpətmir səni gileyli yalvarışlar,
Daha bu yağışlar da əvvəlki kimi yağmır.
Unutmusan yağmurun səsi döyən gecəni,
Neyləyək, xatirələr bəzən heç hiss oyatmır.
Açığı, yorğun düşən ümidlərin qolunda
Yel kimi yellənməkdən yuxu tutur ürəyi.
Tanrı göylərdə susur, bir səs gəlmir solundan,
Heç mənim yolumda da yoxdu işıq dirəyi.
Hər işıqlı gecənin min qara gündüzü var,
Üzü varmı üzülsün üzüqara intizar?
Hər insanın içində vəhşisi, quduzu var,
Qandallayıb qolunu sıxmışam nə gücüm var.
Sənin güclü bildiyin o amazon qadından,
O dikbaş, yekəxana, o farmazon qadından
Heç nə qalmadı daha. İndi ozon qatından
Mənə dərman tapılmaz. Udmağa bir zəhər yaz.
Udmağa bir zəhər yaz. Bəlkə, keçdi keyimə,
Bəlkə, bir ümid oldu, ürəyimə geyinəm.
Sənin hər şeyin idim, nə olsun, heç nəyinəm,
İmkan vermə ağrıyam, imkan vermə deyinəm...
Hər üzünü yoxladım, astardan başım çıxmır,
Yeni yollar tapardım, ayaqlarım yorulub.
Vallah, elə ölüm də səntək üzümə baxmır,
Əzrayıl da qapımdan çox aralıda durub.
Fırtınadan sonrakı dalğa kimi çəkilib
Oturmuşam evimdə, sağım-solum dənizdi.
Bir işarə yolladım, bəlkə də, sənə gəlib,
Oxudunsa, bilirsən, nə dumandı, nə sisdi.
Yəqin belə danışır edamdan öncə məhkum,
Məhkəməndə uduzdum, nə hökmün var, qoy olsun.
Mən ağlaya-ağlaya səadətdən oxudum,
İstədim ki, qapında bayram olsun, toy olsun.
İndi duzlu əllərim yuyulmur ki yuyulmur,
Qıpqırmızı qızarır göydə ağappaq tavan.
Divanda görünməyən qarışqalar uzanır,
Gülüb pıçıldayıram, ona deyin ki, sağam.