Ramiz Qusarçaylı - Yağacaq
Kim deyir ki, bu çəndə,
Sisdə qarlar yağacaq.
Yağsa, yağsa bu axşam
İsti qarlar yağacaq.
Eşq göylərin çuxası,
Ələ gəlmir yaxası,
Çox könüllər yıxası
Qəsdi,
qarlar yağacaq.
Xəzan gülün məhşəri,
Sarısına şeh sərib...
Ürək qərib, meh qərib
Əsdi,
qarlar yağacaq.
Sözdə qəm yığın-yığın,
Hara gedir bu axın.
Üşüyür tənhalığın
Büstü,
qarlar yağacaq.
Yon daşa son sətrimi,
Qoy daş bilsin qədrimi...
Gül açacaq qəbrimin
Üstü,
qarlar yağacaq.