Ramiz Qusarçaylı - Ah, bu adamlar...
Yorur, bu adamlar məni çox yorur,
Adamlar tez tapır yumşaq üzümü.
Əyləncə adamlar məndən kef qurur,
Qərib yellər öpür uşaq üzümü.
Nə toya diksinir,
nə yasa,
damlar,
Tüstüsü başımdan ulayıb keçir.
Göyərir yolumda kol-kos adamlar
Adamlar kefimi dalayıb keçir...
Baxışlar bayağı,
yönlər yabanı,
İçindən uçulub dağılır adam.
Adam cəngəlliyi basıb hər yanı,
Adam bolluğunda boğulur adam.
Hər tində, dalanda adam dolağı,
Dolanıb yollara dolaq adamlar.
Işim adam işi,
adam alağı
Üst-üstə qalanıb alaq adamlar.
Dağları hasara alan adamlar,
Çayları qəfəsə salan adamlar,
Buludu zirvədən pozan adamlar,
Adamı adamdan asan adamlar,
Ah, bu adamlar...