QƏZƏNFƏR BƏXTİYAR: - BİZƏ QALAN BİR ÖMÜRLÜK ZAMANDIR.
Bu dünya Tanrıdan bir hədiyyədir,
Hər insan ömrünə o bir səhnədir,
Onun sirlərini bilmərik nədir,
Qoynuna əliboş bizi alandır,
Elə əliboş da yola salandır.
----------------------------
Kimini güldürər, kimini dağlar,
Kimini varıyla özünə bağlar,
Nə dərdə acıyar, nə də ki ağlar,
Hər bir cəfasıyla bizi yorandır,
Arzuları yarıyolda qoyandır.
-----------‐---------------
Qonağıyıq ondan giley etməyək,
Hər oynuna aldanıb da getməyək,
Deyə-gülə xoş yaşayıb söyləyək,
Başdan-başa sınaqdır, imtahandır,
Öz halına hər an özü yanandır.
---------------------------
Bir üzü sevincdir, bir üzü qəhər,
Bir üzü gecədir, bir üzü səhər,
Onda mərd yaşamaq cəsarət, hünər,
O, necə var, elə o cür olandır,
Çöhrəsi də nə saralıb, solandır.
--------------------------
Bu dünyanın suda sönməz odu çox,
Yaxını çox, doğması çox, yadı çox,
Qəzənfər, zülmü çox, istibdadı çox,
O nə sənə, nə də mənə qalandır,
Bizə qalan bir ömürlük zamandır.