Nazim Əhmədli -YAĞIŞLI YUXU

Ədəbiyyat 13:39 / 09.09.2025 Baxış sayı: 1907

 

Yatanda elə yatırıq,

elə bil daşıq, yuxuda;

bilmirəm, gördüyüm nədi,

mən, bu qarışıq yuxuda;

 

fələk mənə göz-qaş atır,

göz-qaşını bom-boş atır;

o kimdi, mənə daş atır,

bu, bircə qaşıq yuxuda;

gözlərim niyə səyriyir,

buzlu bulaqlar əriyir;

üstümə dağlar yeriyir,

ruhum dolaşıb, yuxuda;

 

yenə tutub ağrım-acım,

bilmirəm ki, hara qaçım;

atam, anam, bir də bacım

hamı yığışıb, yuxuda;

 

yoluma bir yağış düşüb,

bir yağışlı yoxuş düşüb;

alnıma bir naxış düşüb,

bu nə naxışdı, yuxuda;

 

göy üzü gölmə-gölmədi,

sular yerə tökülmədi;

gecə buludlar ölmədi,

hələ yağışdı, yuxuda.