MİSRA-MİSRA SARALARAM GÖZÜNDƏ - Idris Babayev

Ədəbiyyat 09:00 / 08.10.2025 Baxış sayı: 3432

 

Bu sevgidən dastan yazıb, gözəlim,

Məclislərdə öz başımı girlərəm.

Həsrətinlə yüz dağ çəksən sinəmə,

Gül adını ürəyimdən silmərəm.

 

Ümidimi bağlayaram qopuza,

Yurdumun hər bölgəsində bəzərəm.

Gülüm səni axtarmaram dağlarda,

Bənövşənin kölgəsində gəzərəm.

 

Duman olub dolanaram boyuna,

Qoruyaram, bədnəzərə tuş olsan.

Lələk olub qanadında bitərəm,

Qatarından ayrı düşən quş olsan.

 

Qələm olub bir nəqqaşın əlində,

Xala dönüb qaralaram üzündə.

Yad baxışlar zillənəndə gözünə,

Misra-misra saralaram gözündə.

 

Şehə dönüb kipriyinə qonaram,

Darıxanda yarım deyib ağlasan.

Dəniz olub ağuşuma alaram,

Bahar çağı selə dönüb çağlasan.

 

Qapıları açılsa da taybatay,

Cənnət mənə nə şöhrət, nə şan verməz,

İdris səni yalan olan dünyada,

Tənha qoyub Əzrayıla can verməz.

08.10.22