MƏN RUH ADAMAM -  yazdı Adil Cefakes 

Ədəbiyyat 11:28 / 06.08.2025 Baxış sayı: 2576

 

 

Ruhum kölgə salır üstümə göydən,

Başımın üstündə çətirlənibdi.

Səhra qumlağında ayaq izlərim,

Kədərli cümlətək sətirlənibdi.

 

Ruhumun cızdığı çevrədi yerim,

Çəpərə alınmış bölgəyəm, bala.

Baxma ki, görünür ayaq izlərim,

İşıqda yox olan kölgəyəm, bala.

 

Alıb toxunulmaz əmanət kimi,

Ruhum hey daşıyır məni özündə

Mən gözə görünən bir qaraltıyam,

Cismani varlığam bu yer üzündə.

 

Məni doğan vaxtı ruh doğub anam,

Nə adi adamam, nə şah adamam.

Götürüb arxamca daş atma bala,

Mən ruh adamıyam, mən ruh adamam.