Məmməd Qədir - Böyük
Mənə qaş-göz edir, utanmır əcəl,
Yaşı bu dünyanın yaşından böyük!
Dünyada bir ümman göstərin mənə,
Suları gözümün yaşından böyük!
Vüqarım qayadı sərtlər önündə,
Şükür üzüm ağdı mərdlər önündə,
Tənha dayanmışam dərdlər önündə,
Hərəsi min dənə qoşundan böyük!
Dünyanın dərdini nə qədər çəkim,
Torpaq cəzb etdikcə, çoxalıb çəkim,
Götürün bu nəfsi çarmıxa çəkin,
Qələtlər eləyib başından böyük!
Bu dünya böyürdər, özü lal durar,
Hərəyə bir tütək, zurna çaldırar,
Kimsənin hünəri varmı qaldıra,
Yoxdu məzarımın dasından böyük!
Sevəndən nə şeytan, nə cin görmüşəm,
Həsrətdə nə iman, nə din görmüşəm,
Dərdin ən gözəlin, bədin görmüşəm,
Qübar görməmişdim Şuşamdan böyük!