Məmməd Qədir - Belə
Kim savab etmirsə əməllərini,
Çatmaz imdadına öz əli belə.
Hər səhər duaya aç əllərini,
İlahi qaytarmaz yüz əli belə.
Cəkilən əzablar bacdı, xəracdı,
Çiyində yük deyil, başlara tacdı,
Adi kəpənəyə, arıya acdı,
Güllərin fərqlisi, özəli belə.
Arı da, çiçək də eyni gennidi,
Dərdi keçmək olmur, yaman ennidi,
Qoca tabuta bax cavan nənnidi,
Axırı elədi, əzəli belə.
Yüz selin suyuna qarışdı ömür,
Kükrədi, tükəndi, barışdı ömür,
Yaşıldan sarıya yarışdı ömür,
Həyat ödül verir xəzəli belə.
Hər sarı xəzəldə mavi bir dəniz,
Sahilmiş, alnında qalır ləpir, iz,
İlahi sevdaya çökməyənin diz,
Qoşması elədi, qəzəli belə.
Məmməd, ağır otur, aparmasın yel,
Yaz ki, incə-incə cingildəsin tel,
Elə vəsf elə ki, desin oba, el,
Belə vəsf edərlər gözəli, belə...