Coşqun Xəliloğlu -Nənəm mənə nağıl demir

Ədəbiyyat 10:19 / 11.08.2026 Baxış sayı: 764

 

(Uşaqlar üçün)

Nənəm mənə nağıl demir nə vaxtdır,

Axı, köçüb gəlmişik biz şəhərə.

Kəndimizdə mən bəxtəvər uşaqdım,

Mindirərdi babam məni Kəhərə.

 

Kür çayında əllərimi yuyardım,

Nə gözəlmiş çölün otu, ağacı.

Mən özümü necə xoşbəxt sanardım,

Diksindirib uçuranda turacı.

 

Oynayardım, bulaşardı üst-başım,

Yorğunluğum ayaq üstə çıxardı.

Çox olardı tay-tuşumla savaşım,

Qalib kimi taxta medal taxardım.

 

İndi Kəhər hanı, onu səyirdim,

Heç samovar çayı da yox, içəm mən...

Dünən axşam mən atama deyirdim,

Böyüyəndə gərək kəndə köçəm mən...

1998.