Ayaz Arabaçı - Budaqda bir quş oxuyur...

Ədəbiyyat 10:47 / 11.08.2026 Baxış sayı: 343

Budaqda bir quş oxuyur,

Uzun ayrılıqlar üçün.

Nəğmə də bir təsəllidir,

Ürəyi qırıqlar üçün.

 

Getməkdə var,nə var,elə,

Hər yeri dörd divar elə.

Qollarımı avar elə.

Limansız qayıqlar üçün.

 

Qorxun qalmaz yalanlara,

Səni səndən alanlara..

Heç üzülmə qalanlara,

Qayıtma, qalıqlar üçün.

 

Sənə gedən yol-iz öldü..

Biz deyirdin o biz,öldü,

Gözümdə bir dəniz öldü.

Ağlama balıqlar üçün..