MEHDİ CALAL - Dünyanın qoynuna bir səda düşür,
***
Dünyanın qoynuna bir səda düşür,
Şəhərlər narahat, kəndlər narahat.
Sevincli üzlərdən təbəssüm düşür;
Dəyişir, günbəgün dəyişir həyat.
Təyyarə səsindən, raket səsindən
Analar alçaldır layla səsini,
Hələ nəm qalıbdı əsrin gözündə,
Bir kədər dolaşır Yer kürəsini.
Hay-haray başlanır duyan qəlblərdə,
Qaçır körpələrin şirin yuxusu.
Örtür yer üzünü bir qara pərdə,
Dolur ürəklərə nüvə qorxusu.
Həyat ölüm ilə üz-üzə durub,
Bəşərin taleyi tükdən asılı,
Kimdir məzlum-məzlum boynunu burur?
Bilirmi varlığa quyu qazılır?!
O kimdir? - gecəsi-gündüzü ilə
Boğur həqiqəti, boğmur nəfsini.
O kimdir?- bağırır var gücü ilə,
Batırmaq istəyir haqqın səsini.
Atom canlıların zülmət dünyası,
Bu gün gör həyata zülmət nə yaxın;
İnsan məhv olmasın, torpaq yanmasın,
Bəşər övladları, ayağa qalxın!!!