Məmməd Qədir - Xanımlar
Hurisiz, mələksiz, ya bəni-adəm,
Bir işarə verin bilək, xanımlar!
Sizlərə sitayiş eyləyib Dədəm,
Lütf edin, o dinə gələk, xanımlar!
Diz çöküb ucalaq hüzurunuzda,
Hər gün işıqlanaq Ay nurunuzda,
Xoşbəxt balıq olaq eşq torunuzda,
Ağlar günümüzə gülək, xanımlar!
Ürəyi ağladan, güldürən də Siz,
Alnımızı yazıb, sildirən də Siz,
Bizi dirildən də, öldürən də Siz,
Ay tabut xanımlar, bələk xanımlar.
Ay cənnət dünyanın gül qapıları,
Sizsiz zər həyatın qızıl sapları,
Nə gözəl ölçürsüz, seçib safları,
Tərəzi xanımlar, ələk xanımlar!
Çamırdı o göl ki, sonası yoxdu,
Dağın da Siz boyda anası yoxdu,
Sizsiz bu həyatın mənası yoxdu,
Ay arzu xanımlar, dilək xanımlar.
Şəniniz sığışmır ürəyə, dilə,
Məmməd Sizi görüb acıyır gülə,
Qıymayın, əcələ, ya Əzrailə,
Qoyun dərdinizdən ölək, xanımlar!