Könül Nuriyeva · yazır : - Bircə “sən” dediyim…

YAZARLAR 09:39 / 28.08.2025 Baxış sayı: 1984

 

Bəlkə bir payız günüydü, bəlkə də heç payız deyildi, elə-belə uydurmuşduq. Qağayılar isə həmin günlərin uydurması deyildi, onlar var idilər, onlar məhəccərlərə sıra ilə düzülmüşdülər və sən mənə tez onların şəklini çəkməyimi söyləmişdin. Rəssam deyildim, fırçalarım yox idi. Rənglərim var idi, bir də ki, dəniz kənarında bir insanın rənglərə ehtiyacı olmur ki…

Sən söylədim? Hə, yeganə insan idin ki, sən deyə bilmişdim. Bir də ki, bunun başqaları üçün elə də əhəmiyyəti yoxdur. Əslində heç kimin heç kim üçün dərindən əhəmiyyəti yoxdur. Biri işinə görə, biri nüfuzuna, biri mənfəətinə, biri vaxt keçirəcək adamı olmadığına görə adamın həyatına güclə burnunu soxmaq istəyir. Qapı döymək var, ədəb var, ərkan var,- bəlkə adamın heç danışmağa əhvalı yoxdur.

Bu söhbəti də həmin gün və sonrakı günlər sən demişdin. Sonra da mənasız xeyli söhbətlər etmişdik. Həmişə belə olur,- qış gəlir. Adam birini özünkü biləndə fəsillər tərsə- məhzəb olur, yaydan sonra anidən qar yağır elə bil. Bilənlər bilir, bilməyənlərə bunu izah edə bilmərik ki…

“Sən” sadə müraciət formasıdır, bəlkə şablon söhbətin mövzudur. Bəlkə insanlar unudublar kiməsə ilk dəfə “sən” deməklərini…

“Sən” demək onu ilk gündən özünkü bilməkdir, daha doğrusu özün bilməkdir. Bilirsən ki, buna görə adama mədəniyyətsiz kimi baxmaz, bilirsən ki, bu, onun xoşuna gələr, rəsmilik onu çox yorub bəlkə əvvəllər, amma bu yerdə, bu məqamda adamın sən deməyi şipşirin səslənər.

Çox şey bilən bir adam bəzən bütün xırdalıqları unudar. Beynində bir “sən” qalar, bir də şahid qağayılar. Adam niyə şahid axtarsın ki, niyə bunu yazsın ki? Axı buna ehtiyac olmamalıdır.

Axı birdən-birə hava belə qəfil dəyişməməlidir.

Deyəsən, ən doğrusu budur,- axı ilk dəfə “sən” deməməlisən!

Onda pərdələr götrülür, sərhədlər pozulur, məsafələrə xal düşür. Bütün bunları indi ikimiz də “sən” in üstünə atırıq. Övliya deyilik, imam- peyğəmbər övladı deyilik, biz adi adamlarıq, həmin günlərdə də çox adiydik. Gərək günahı kiminsə üstünə ataq ya yox? Vicdanımızı rahat etmək üçün. Hətta o sadə bir müraciət forması olsa belə…