Kəmaləddin Qədim - SABAH GÖRSƏNİR MƏNDƏN...
Mən bir dəli ozanam,
düşməz dilimdən haqlar.
Qurular yan-yörəmdə
nə tələlər, duzaqlar...
Dünya minib çapılar,
Nələr, nələr yapılar...
Dörd yan bağlı qapılar,
açılmayan qucaqlar...
Hələ nə çox yançılar,
Yalanlar, yalançılar.
Ürəklərdə sancılar,
kürəklərdə bıçaqlar...
Nə qədər beləcə bax
bu susanlar susacaq;
haqlılar uduzacaq,
haqsızlar udacaqlar...
Gəl al da məni məndən,
Sabah görsənir məndən...
Allahım, səni məndən
betər unudacaqlar...