Ələsgər ƏLİOĞLU  - XƏZƏR DƏNİZİ

Ədəbiyyat 10:33 / 07.02.2026 Baxış sayı: 435

 

Son illərdə Xəzər dənizi

Get-gedə geri çəkilir...

Adama elə gəlir ki,

Nədənsə, kimdənsə çəkinir Xəzər...

Tikilən bağ evlərinin qabağından

Yavaş-yavaş çəkilir Xəzər.

Nəhəng bir türk salnaməsidir,

Dalğa-dalğa, ləpə-ləpə

Sökülüb tökülür vərəqləri...

Ancaq qırx ağaclıqdan

Seçilir yurd-yuvası, yeri...

Beli büküldükcə dalğalarının,

Bir-birinə gəlir hədə...

Sıxlıq yaranır dənizdə,

Balıqların çoxu da

Artıq yaşayır kirayədə...

Axıb gələn çaylar

Boğazını uzadıb,

Ağzını güclə çatdırır dənizə...

Ay aman,

Dəniz bağ evləriylə

Alınıb mühasirəyə...

Bu bürkü

Bir gün dənizi, təntidər, sıxar...

O zaman dəniz də

Dalğalarla verib kürək-kürəyə,

Şahə qalxar...

31 yanvar 2026