BAĞIŞLAYIN GÜNAHIMIZI - Ələddin Əzimli
"Sözlərdəki sən"dən
Gəl çıxaq
dəniz sahilinə.
Gəzə-gəzə
dənizdən danışaq.
Neçə illər uzunu
ürəyimə xal salan
sənsizlikdən danışaq.
Qayğısız qağayılar
ötsün başımız üstən
keçən aylar, illər kimi.
İstəyirəm
heç olmasa bircə kərə
o vaxtkıtək
titrəsin qəlbimin simi.
İndi-
bu anda,
köhnə limanda,
sahilə yan alan
yorğun gəmi kimiyik.
Görürsənmi,
ləngər vurur gəmi.
Can atır sahilə
nəfəsini dərmək üçün.
Biz də yorulduq, deyəsən,
axı niyə,
axı nə üçün?
...Üzümü
tuturam ötənlərə, dənizə
və deyirəm, gec də olsa,
qapı kimi laybalay ürəyinizi açın,
deyin sözünüzü.
Bağışlayın səhvlərimizi,
günahımızdan keçin...