Kəmaləddin Qədim : - DƏRDİNDƏN ÖLDÜYÜM BİR QADIN OLUB...

Ədəbiyyat 13:10 / 01.10.2025 Baxış sayı: 2131

Bir gün bir xanım yazar dostum yarı zarafat, yarı ciddi neçə qadını·sevdiyimi soruşdu...

 

Baxma ki ən çətin oxunan kitab,

Ən çətin çözülən sirr qadın olub...

Adına həmişə and içiləsi,

Ən təmiz, ən qutsal yer qadın olub...

 

Qadın təbəssümü, qadın gülüşü,

Tanrının ən gözəl rəsmi, əl işi.

Adəmdi bəlkə də ən azad kişi,

Həvva da ən azad, hürr qadın olub...

 

Gəlmişəm, gələsi bu dağılmışa,

Nə ürək yaxıb, nə könül qırmışam.

Sevib ətəyində namaz qılmışam,

Olub da bir ocaq, pir qadın olub...

 

Gəlsin Tanrı haqqı gözümdən desəm,

Nəyi kəsir desəm, nəyi kəm desəm...

Kimsə inanmasın sevirəm desəm,

Dərdindən öldüyüm bir qadın olub...