Kəmalə Abiyeva : - Məktəb illəri

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi
Aman Allah, nə xoşbəxtdik biz onda!
Bir müəllim töhmətiydi dərdimiz,
Bu töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Bu dünyada qara rəngdə bizimçün
Təkcə yazı lövhəsiydi elə bil,
Al-əlvandı ötən günlər, saatlar
, Yamyaşıldı ömrümüzə gələn il.
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan
. Xəbərsizdik ömrümüzə biz hələ
Tanrı yazan pozulmayan yazıdan.
Hərdən dərsə gecikəndə bilməzdik,
Gecikməyin əzabları necədir.
Hansı dərsi danışsaydıq o saat,
Bilərdik ki,qiymətimiz neçədir.
Bu dünyanın bütün varı, dövləti,
Bizim üçün bir çantaya sığırdı.
Eyni yolu qət etsək də hər səhər,
Bu yollardan sevinc, ümid yağırdı.
Bir məktəbin binasaydı yuvamız,
Neçə evdən bir ünvana gələrdik.
Bu binanı ən möhtəşəm, ən gözəl
Saraylardan doğma,üstün bilərdik
Hələ onda bu dünyanin şərindən,
Yalanından xəbərimiz yox idi.
Hələ onda kədərimiz bir damcı
Hələ onda sevincimiz çox idi.
Hələ dünya bizim üçün nağıldı,
Min arzuyla alışardıq, yanardıq.
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanardıq.
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuz da eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.
Məktəb illəri
Ömrümün ən şirin, ən təmiz günləri.
Məktəb illəri,
Hər anı bir ömrə bərabər Qayğısız günlərim.